Azərbaycanın enerji layihələrinin dairəsi genişlənir- ÖZƏL

"Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir. Səfər çərçivəsində səsləndirilən bəyanatlar, keçirilən görüşlər və imzalanan sənədlər göstərdi ki, rəsmi Bakı ilə Belqrad arasında münasibətlər artıq təkcə siyasi dialoq səviyyəsində deyil, real iqtisadi və enerji layihələri müstəvisində də dərinləşir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Dövlətimizin başçısının bəyanatında Serbiya Prezidenti Aleksandar Vuçiç barədə səsləndirdiyi fikirlər münasibətlərin mahiyyətini açıq şəkildə ortaya qoyur. Liderlər arasında uzun illərə söykənən qarşılıqlı etimad, səmimi ünsiyyət və dostluq münasibətləri ikitərəfli əlaqələrin əsasını təşkil edir. Azərbaycan tərəfi Serbiyanın dövlət suverenliyinin qorunması istiqamətində apardığı siyasəti yüksək qiymətləndirir və bu kontekstdə qarşılıqlı dəstək prinsipini önə çəkir. Beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək Bakı-Belqrad münasibətlərində dəyişməz siyasi xətt kimi çıxış edir. Bu yanaşma münasibətləri prinsipial və uzunmüddətli xarakterə malik əməkdaşlıq modelinə çevirir.
Səfər çərçivəsində Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir. Bu mexanizm əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsinə, prioritet istiqamətlərin müəyyənləşdirilməsinə və qərarların icrasına nəzarətin təmin olunmasına xidmət edir. Müzakirə olunan məsələlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, energetikadan nəqliyyat əlaqələrinə qədər geniş spektri əhatə edib. Bu isə göstərir ki, tərəflər münasibətləri yalnız cari maraqlar üzərində deyil, gələcəyə hesablanmış strateji planlaşdırma əsasında qururlar. Energetika sahəsi hazırda Azərbaycan-Serbiya münasibətlərinin əsas lokomotivi kimi çıxış edir. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə razılaşma iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində qarşılıqlı asılılığı və əməkdaşlığı gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31