Yeni dünya düzəni: Bakı yeni düzəndə oyun qurucuları rolunda- ÖZƏL
08:02 SiyasətVaşinqtonda ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə elan edilən Sülh Şurasının ilk iclasının keçirilməsi beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu təşəbbüs təkcə Qəzzanın bərpasına yönəlmiş humanitar addım deyil, həm də formalaşmaqda olan yeni dünya düzəninin ilk institusional konturlarından biri kimi diqqət çəkir.
Yeni qurumun geosiyasi mənası
Vaşinqtonda keçiriləcək ilk toplantı faktiki olaraq qlobal idarəetmə sistemində alternativ mexanizmlərin yaranmasının anonsudur. Trampın Sülh Şurasının müəyyən hallarda BMT ilə əməkdaşlıq edəcəyini bildirməsi bu qurumun BMT-ni birbaşa əvəz etməsə də, onun təsir boşluğunu doldurmağa iddialı olduğunu göstərir.
Bu yanaşma təsadüfi deyil. Son onilliklərdə BMT və digər beynəlxalq təşkilatların qərarvermə mexanizmlərinin böyük güclərin siyasi maraqları səbəbindən bloklanması, bir çox münaqişələrin həllində selektiv yanaşmanın nümayiş etdirilməsi qlobal sistemdə ciddi etimad böhranı yaradıb.
Azərbaycanın qoşulmasının strateji səbəbləri
Azərbaycanın bu təşəbbüsü dəstəkləməsi məntiqi və çoxşaxəli səbəblərə əsaslanır.
1) BMT modelinin iflas təcrübəsi
Azərbaycan uzun illər ərzində beynəlxalq təşkilatların qeyri-effektivliyinin birbaşa şahidi olub. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin icra olunmaması, beynəlxalq hüququn yalnız kağız üzərində qalması Bakıda yeni mexanizmlərə ehtiyac barədə anlayışı gücləndirdi.
Bu təcrübə Azərbaycan üçün mühüm nəticə doğurdu: dövlət öz suverenliyini bərpa etmək məsuliyyətini özü üzərinə götürdü və bunu beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirdi. Bu reallıq indi Bakının yeni təhlükəsizlik platformalarının yaranmasına marağını izah edir.
2) Azərbaycanın yeni rol iddiası
Suverenliyini bərpa edən Azerbaijan artıq yalnız regional aktor deyil. Bakı son illərdə humanitar və təhlükəsizlik təşəbbüslərində fəal iştirak edir. Azərbaycan artıü Yaxın Şərqdə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın quurlması prosesində aktiv iştirakı rolunda çıxış etməkdədir. Bakı istər Qəzzada, Suriyada, istərsə də İsraillə region ölkələri arasında dialoqun yaratmaq istiqamətindəki fəaliyyəti dediklərimizin bariz nümunəsidir. Bir sözlə Bakı Yaxın Şərqdə sülhə, sabitliyə və təhlükəsziliyə faktiki dəsətk verən ölkələrdən biri rolunda çıxış etməkdədir. Bu, Azərbaycanın qlobal təhlükəsizlik gündəliyində daha geniş rol oynamaq niyyətini göstərir.
3) Yeni dünya düzəninə maraq
Bakı üçün yeni təşkilatların yaranması sadəcə diplomatik təşəbbüs deyil, həm də beynəlxalq sistemin transformasiyasında iştirak etmək deməkdir. Azərbaycan dəyişən geosiyasi reallıqda passiv müşahidəçi deyil, fəal iştirakçı olmaq strategiyasını seçib.
İlham Əliyevin baxışı - yeni sistemin fəlsəfəsi
Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk sammiti ətrafında əsas diqqət təkcə yeni qurumun yaradılmasına deyil, həm də formalaşmaqda olan yeni dünya nizamının fəlsəfəsinə yönəlib. Prezident Ilham Aliyev yeni qurumun yaradılmasını beynəlxalq münasibətlər sistemində dönüş nöqtəsi kimi qiymətləndirir. Prezident İlham Aliyevin səsləndirdiyi fikirlər isə bu prosesin ideoloji çərçivəsini daha da aydınlaşdırır və mövzunu sadəcə siyasi təşəbbüs yox, qlobal sistem transformasiyası səviyyəsinə qaldırır.
Yeni dünya düzəni: güc yox, mexanizm məsələsi
Prezidentin vurğuladığı ən kritik məqam ondan ibarətdir ki, mövcud beynəlxalq sistem artıq real geosiyasi dinamikanı əks etdirmir. Onun sözlərinə görə, ölkələr artıq hökumətlərarası münasibətlərə və təhlükəsizlik sisteminə yanaşmalarını yenidən nəzərdən keçirməyə başlayıblar. Bu, əslində qlobal səviyyədə institusional böhranın etirafıdır.
Prezidentin sitatı bu dönüş nöqtəsini açıq şəkildə təsvir edir: "Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur... Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir."
Bu yanaşma əslində iki paralel prosesi göstərir:
1) Mövcud sistemin tükənməsi
Prezidentin açıq şəkildə BMT-nin "iflic vəziyyətdə" adlandırması qlobal siyasətdə nadir hallarda səsləndirilən, lakin getdikcə daha çox qəbul edilən reallığın ifadəsidir. Münaqişələrin illərlə həll olunmaması, qərarların siyasi bloklanması və selektiv yanaşma beynəlxalq təşkilatların effektivliyini ciddi şəkildə zədələyib.
Onun fikirləri bu təşəbbüsün ideoloji əsaslarını açıq şəkildə ortaya qoyur: "Beynəlxalq hüquq artıq etibarlı deyil... Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi bunu nümayiş etdirir. Yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması işlənilmə mərhələsində idi. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatı- Sülh Şurasının yaradılması təşəbbüsü ilə Prezident Tramp böyük bir iş gördü."
2) Yeni sistemin fəlsəfəsi
Əliyevin fikirlərində ən mühüm ideoloji xətt budur: yeni dünya düzəni gücün diktəsi ilə deyil, yeni mexanizmlərlə formalaşmalıdır. Yəni məqsəd güc balansını dəyişmək yox, qərarların qəbul olunma üsullarını dəyişməkdir.
Bu, Sülh Şurası təşəbbüsünü sadəcə siyasi platforma deyil, yeni idarəetmə modeli kimi təqdim edir.
Bu kontekstdə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası faktiki olaraq beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi təqdim olunur.
Əgər bu təşəbbüs uğurlu olarsa, o zaman qlobal qərarların verildiyi mərkəzlərin şaxələnməsi prosesi sürətlənəcək.
Azərbaycanın mövqeyi: yeni nizamın tərəfdarı
Azərbaycanın bu ideyanı dəstəkləməsi Prezidentin fikirləri ilə tam uzlaşır. Bakı artıq yeni dünya nizamının formalaşmasının qaçılmaz olduğunu qəbul edir və bu prosesdə aktiv iştirak etməyə çalışır.
Prezidentin mesajının əsas mahiyyəti belə ümumiləşdirilə bilər: Köhnə sistem işləmir, yeni sistem hələ formalaşmayıb. Bu boşluğu doldurmaq üçün təşəbbüs göstərən ölkələr gələcək nizamın memarlarına çevriləcək
Prezident İlham Əliyevin vurğuladığı bu aspekt yazının əsas ideoloji xəttini gücləndirir: söhbət yalnız yeni bir qurumdan deyil, qlobal idarəetmə modelinin dəyişməsindən gedir.
Sülh Şurasının ilk sammiti məhz bu dəyişimin start nöqtəsi kimi tarixə düşə bilər. Bu baxımdan Vaşinqton toplantısı sadəcə diplomatik tədbir deyil, eyni zamanda beynəlxalq münasibətlər tarixində yeni institutlaşma cəhdidir. Azərbaycanın bu prosesdə aktiv iştirak etməsi isə ölkənin qlobal siyasətdə rolunun genişləndiyini təsdiqləyir.
Yeni dünya düzəni formalaşır və Bakı bu prosesdə artıq kənar müşahidəçi deyil, oyun qurucularından biridir.
Mürtəza Bünyadlı
Siyasi şərhçi