Avropa məkanında strateji əməkdaşlıq nümunəsi- ÖZƏL
07:58 Siyasət"Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında uzun illərə söykənən dostluq və etimad münasibətlərinin yeni mərhələyə keçdiyini bir daha təsdiqləir. Bu səfər, həmçinin regionda və Avropa məkanında strateji əməkdaşlığın nümunəsi kimi dəyərləndirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Uzunmüddətli etimad və səmimi dialoq iki ölkənin strateji tərəfdaşlığının əsas məqsədlərindən biridir. Liderlərin qarşılıqlı hörmət və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verir. Bu münasibətlər həm də beynəlxalq platformalarda bir-birinin suverenliyini dəstəkləmək və regionda stabilliyi təmin etmək baxımından əhəmiyyət daşıyır.
Səfər çərçivəsində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası əməkdaşlığın strukturlaşmış xarakterini daha da gücləndirir. Şuranın gündəliyində siyasi dialoqdan iqtisadi əməkdaşlığa, energetikadan nəqliyyat layihələrinə qədər geniş sahələr müzakirə olunub. Bu faktor tərəflərin öhdəliklərini aydın şəkildə müəyyən edir və icranın nəzarət mexanizmini təmin edir. Nəticədə strateji tərəfdaşlıq konkret layihələr və nəticələrlə özünü göstərir.
Energetika sahəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Səfər çərçivəsində Serbiyaya təbii qaz ixracının başlanması və ixrac həcminin artırılması məsələsi müzakirə olunub. Bu təşəbbüslər iki ölkə arasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir, eyni zamanda gələcəkdə ixrac imkanlarını genişləndirir. Energetik əməkdaşlıq yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi əhəmiyyətə malikdir, çünki Avropa məkanında enerji təhlükəsizliyinə töhfə verir. Bundan əlavə, Serbiyada birgə elektrik stansiyasının inşası layihəsi strateji əməkdaşlığın mühüm göstəricisidir. Layihə Serbiyanın daxili enerji istehsal potensialını artırmaqla yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycanın bu layihəyə böyük həcmdə sərmayə qoymağa hazır olması Serbiya iqtisadiyyatına verdiyi strateji dəstəyi nümayiş etdirir. Layihənin texniki-iqtisadi qiymətləndirməsi və icrası zamanı hər iki ölkənin mütəxəssisləri birgə çalışacaq, nəticədə Avropaya enerji ixracı üçün yeni imkanlar açılacaq. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək: "Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır".