Tehranın iqtisadi güzəşti: ABŞ şirkətləri İrana qayıda bilərmi? – ÖZƏL
17:14 SiyasətCenevrədə keçirilən nüvə danışıqlarının ikinci raundunda Tehran sanksiyaların ləğvi müqabilində Vaşinqtona böyük iqtisadi imkanlar təklif edib. İran XİN-in rəsmisi Həmid Qənbəri bildirib ki, razılaşmanın davamlılığı üçün ABŞ-nin İranın neft-qaz yataqlarına, mədən sənayesinə və aviasiya bazarına birbaşa çıxışı təmin oluna bilər.
"Hazırda ABŞ və İran arasında keçirilən görüşlər ətrafında kifayət qədər qəliz situasiya yaranıb. ABŞ öz tələblərində israrlı mövqe tutur. İran isə həmin tələblərin hamısını yerinə yetirməkdə çətinlik çəkir və ümumiyyətlə, onların tam şəkildə qəbulunu mümkün və ya məqsədəuyğun hesab etmir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, belə bir vəziyyət iki tərəf arasında gərginliyi daha da dərinləşdirir və mümkün toqquşma təhlükəsini ön plana çıxarır. Bununla yanaşı, rəsmi Tehran diplomatiyanın imkanlarından geniş şəkildə istifadə etmək niyyətini də açıq şəkildə nümayiş etdirir. Burada ilk növbədə Trump administrasiyasının, xüsusilə də Donald Trampın qlobal problemlərin həllinə yanaşma tərzinə daha həssas münasibət göstərilməyə çalışılır. Məlumdur ki, Tramp administrasiyası beynəlxalq məsələlərin həllində iqtisadi və ticari faktorların ön planda tutulmasına üstünlük verir. Yəni mövcud problemlər müzakirə olunarkən biznes və iqtisadi maraqlar paralel şəkildə gündəmə gətirilir. Rəsmi Tehran da bu yanaşmanı diqqətə alır.
"Mövcud situasiyanı yumşaltmaq və ABŞ ilə daha əlverişli şərtlər çərçivəsində anlaşma əldə etmək üçün İranda iqtisadi və ticari imkanların açılması variantı təklif oluna bilər.
Bu təklifə necə reaksiya veriləcəyi hələlik bəlli deyil. Lakin indiyədək iqtisadi, ticari və biznes faktorlarının Trump administrasiyası ilə münasibətlərdə müəyyən pozitiv təsir göstərdiyi müşahidə olunub. Görünür, İran da məhz bu amildən istifadə etmək niyyətindədir. Ola bilər ki, yaxın gələcəkdə ABŞ və İran arasında mümkün anlaşmalarda iqtisadi və ticari faktorlar həlledici rol oynasın", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova