Sərhəd delimitasiyası: Tarixi xəritələr və siyasi reallıqlar qarşı-qarşıya – ÖZƏL
15:56 SiyasətAzərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Ermənistanda baş tutacaq. Məlumatı "Sülh Körpüsü" çərçivəsində keçirilən görüşdə "Orbeli" Analitik Tədqiqatlar Mərkəzinin eksperti Narek Minasyan açıqlayıb. O bildirib ki, son iki iclasın Azərbaycan ərazisində keçirilməsi nəzərə alınaraq bu qərar verilib.
Komissiyalara Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə baş nazirin müavini Mher Qriqoryan sədrlik edir. Son iclas 2025-ci il noyabrın 28-də Qəbələ şəhərində keçirilmişdi.
Delimitasiya prosesinin uzanmasının əsas səbəbləri hansılardır? Kəndlərin və sərhədyanı ərazilərin təhlükəsizliyi məsələsi hansı mərhələdədir?
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bundan sonra Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün danışıqlar aparıldı və nəticə etibarilə sülh sazişinin mətni razılaşdırıldı.
Sülh sazişinin əsas prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Yəni Azərbaycan Ermənistanı hansı sərhədlər daxilində tanıyacaqsa, Ermənistan da Azərbaycanı həmin çərçivədə tanımalıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesi mütləq şəkildə həyata keçirilməlidir. Çünki delimitasiya və demarkasiya başa çatdıqdan sonra tam aydın olacaq ki, Ermənistan hansı ərazidə, Azərbaycan isə hansı ərazidə yerləşir.
Ekspert qeyd edib ki, məsələnin həm tarixi, həm də siyasi tərəfi var. Bildiyimiz kimi, Ermənistan 1918-ci ildə dövlət elan ediləndə təxminən 9 min kvadratkilometr ərazi ilə yaradılmışdı. Sonradan bolşevik hakimiyyətinin qərarları nəticəsində Azərbaycanın bir sıra əraziləri Ermənistana verildi və indiki Ermənistan formalaşdı. Bu qərarlar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan qəbul edilmişdi. Bu baxımdan, tarixi nöqteyi-nəzərdən müəyyən ərazilərin Azərbaycana məxsus olması ilə bağlı mövqelər mövcuddur. Hazırda əsas müzakirə mövzularından biri sərhədlərin hansı xəritə əsasında müəyyənləşdiriləcəyidir. Bu, ciddi və prinsipial məsələdir. Əgər Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam şəkildə tanımırsa və Konstitusiyasında dəyişiklik etməyə hazır deyilsə, bu halda gələcəkdə yenidən ərazi iddialarının ortaya çıxması riski qalır.
"Ermənistanın Baş naziri Nikol Paşinyan tez-tez 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində danışıqların aparılmasının vacibliyini vurğulayır. Lakin sual yaranır: 30 il ərzində Azərbaycan torpaqları işğal altında saxlanılarkən bu sənəd niyə gündəmə gətirilmirdi? Prinsipial yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi mütləq imzalanmalıdır. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və referendum yolu ilə Azərbaycana qarşı ərazi iddialarından imtina olunması zəruri hesab edilir. Əgər erməni cəmiyyətində "dənizdən-dənizə böyük Ermənistan" ideyası qalarsa və Azərbaycana qarşı iddialar davam edərsə, bu zaman sərhədlərin müəyyənləşdirilməsi prosesinin uzunmüddətli sabitlik baxımından əhəmiyyəti azalır. Əksinə, referendum yolu ilə qarşılıqlı ərazi bütövlüyünün tanınması təsdiqlənərsə, sülh sazişinin imzalanması və sərhədlərin delimitasiya-demarkasiya prosesinin sürətlənməsi mümkün ola bilər", - deyə siyasi şərhçi əlavə edib.
Ekspert bildirib ki, hazırda komissiyalar müntəzəm şəkildə görüşlər keçirir, həm Azərbaycanda, həm də Ermənistanda fikir mübadiləsi aparırlar. Bu görüşlərin davam etməsi dövlətlərarası münasibətlərin normallaşmasına, qarşılıqlı etimadın formalaşmasına və sərhəddə gərginliyin azalmasına xidmət edə bilər. Müntəzəm dialoq və konstruktiv yanaşma uzunmüddətli sülhün əsas elementlərindən biridir.
Lamiyə Cəbrayılova