Paşinyan cütlüyündən gözlənilməz gediş – Gizli plan işə düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlər musiqili videolar paylaşması, ürək işarəli mesajlar verməsi və barabanda ifası geniş müzakirələr yaradıb. Ardınca həyat yoldaşı Anna Akopyanın addımı da diqqət çəkib. Belə ki, o, əvvəlcə Nikol Paşinyanla vətəndaş nikahının bitdiyini açıqlayıb. Bu xəbərdən sonra onların ayrıldığı düşünülsə də, cütlüyün rəsmi nikaha daxil olduğu ortaya çıxıb. 

Bütün bunları seçkiöncəsi təşviqat adlandırmaq olarmı?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli xatırladıb ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il 7 iyun tarixinə təyin olunub:

"Hazırda Nikol Paşinyan komandasının bütün addımları bu seçkilərdə üstünlük əldə etməyə hesablanıb. Vətəndaş nikahına son qoyularaq rəsmi nikaha daxil olunması qərarı da məhz bu siyasi hədəflə bağlıdır. Ehtimal ki, bu addım Paşinyanın ünvanına səslənən tənqidləri neytrallaşdırmaq və məsələnin seçkiöncəsi ictimai müzakirə mövzusuna çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Baş nazir artıq anlayır ki, siyasi rəqibləri seçki mübarizəsində etik sərhədlərə riayət etməyəcəklər. Qarşıdakı kampaniya faktiki olaraq ciddi siyasi qarşıdurma kimi qiymətləndirilir".

Politoloq bildirib ki, Paşinyanın rəqiblərinin Rusiyadan informasiya və texnoloji dəstək ala biləcəyi istisna edilmir:

"Rusiyanın media və təbliğat resurslarının bu prosesdə fəal rol oynayacağı, xüsusilə şəxsi həyatla bağlı mövzuların manipulyasiya alətinə çevrilə biləcəyi ehtimal olunur. Artıq müxtəlif dövrlərdə Rusiya mərkəzi kanallarında Paşinyanın şəxsi obrazının hədəfə alındığını müşahidə etmişik. Oxşar təcrübə vaxtilə Ukrayna rəhbərliyinə qarşı da tətbiq olunub. İnformasiya texnologiyalarının və sosial şəbəkələrin inkişafı isə bu cür təsir imkanlarını daha da genişləndirib. Bu baxımdan, Paşinyan komandasının vətəndaş nikahı məsələsinin seçki kampaniyasında əlavə təzyiq alətinə çevrilə biləcəyini nəzərə alaraq əvvəlcədən preventiv addım atdığı qənaəti formalaşır. Digər tərəfdən, Paşinyanın kilsə ilə münasibətlərində mövcud gərginlik də nəzərə alınmalıdır. Çünki xristian ənənəsində rəsmi nikah əsas sayıldığından, bu istiqamətdə də tənqidlərin səslənəcəyi gözlənilən idi. Beləliklə, qəbul edilən qərar həm siyasi risklərin azaldılması, həm də seçkiöncəsi mümkün müzakirələrin qarşısının alınması məqsədi daşıyan addım kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31