Zəif İran yaxın perspektiv üçün Tehran rejimini qane edir- ÖZƏL

"ABŞ İran faktorundan qlobal miqyasda olduğu kimi ərəb dünyasına qarşı da təzyiq aləti kimi istifadə edə bilər". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Bu səbəbdən özlərini Tehranın müttəfiqi hesab edən Moskva və Pekinlə yanaşı, ərəb dünyasının  gizli konsensusu belədir: İran zəif olsun, amma çökməsin. Bu da indki Tehran rejimini ən azı yaxın perspektiv üçün  qane edir. Tehran da vəziyyətədn faydalanıb prosesi fürsətə çevirmək istəyir.  Çünki Tehran yaxşı anlayır ki, hakimiyyətdə dəyişikliyi və transformasiya baş verməsə proses uzun müddət belə davam edə bilməyəcək və bu da nəticə etibarı ilə  İranın iflasına gətirib çıxara bilər. Ona görə də İran hazırkı rejimini qoruyaraq, hakimiyyət daxilində sakit və planlı transformasiya üçün ciddi hazırlıqlar aparır. Tehranın strateji kulislərindəki hərəkətlər göstərir ki, mövcud sistem özünü yeniləmək və gələcəkdə daha dayanıqlı bir quruluş yaratmaq istiqamətində axtarışlardadır. Bu, yalnız daxildə siyasi sabitliyi təmin etmək məqsədi daşımır, həm də beynəlxalq aləmdə İrana qarşı tətbiq edilən təzyiqlərin neytrallaşdırılması və strateji üstünlüyün qorunması üçün bir vasitədir.
Hakimiyyətin "ağrısız keçid" planı, ölkədə böyük ictimai iğtişaşlar və xaos yaratmadan idarəetmənin transformasiyasına imkan verir. Bu proses həm İranın gələcək siyasi konfiqurasiyasına yön verəcək, həm də bölgədəki geosiyasi balansın formalaşmasında mühüm rol oynayacaq. Tehranın hazırkı strategiyası onu göstərir ki, rejim dəyişmədən də öz mövqeyini möhkəmləndirmək və həm daxildə, həm də beynəlxalq səviyyədə dominant rol oynamaq imkanını əldə edə bilər.
Bu strateji ssenari, İrana qarşı hər hansı xarici müdaxilənin təsirini azaldır və bölgədəki geosiyasi balansı yenidən formalaşdırır. Tehran göstərir ki, mövcud rejimi qoruyaraq da tarixi dönüş yaratmaq mümkündür. Bu dönüş yalnız İranda deyil, bütün Yaxın Şərqdə dalğalar yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31