Azərbaycan Serbiya üçün mühüm strateji tərəfdaşdır- ÖZƏL
12:20 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan, balanslı və praqmatik siyasət yürüdən dövlətlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan və Serbiya Respublikası diqqət çəkən ölkələr sırasındadır. Hər iki dövlət müstəqil daxili və xarici siyasət həyata keçirərək iqtisadi inkişaf, regional sabitlik və beynəlxalq əməkdaşlıq istiqamətində mühüm nailiyyətlər əldə etmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksələn inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiç ilə birgə mətbuat konfransı keçirərək Azərbaycan-Serbiya münasibətlərinin gələcək inkişaf strategiyası ilə bağlı mühüm bəyanatlar verdi. Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan və Serbiya iki dost ölkədir və beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyir. Prezident İlham Əliyev Serbiyanın Dövlətçilik Gününü səmimi təbrik edərək, ölkələrimiz arasında uzunmüddətli və etibarlı münasibətlərin formalaşdığını qeyd etdi.
Son illərdə Azərbaycan-Serbiya münasibətləri yüksələn xətlə inkişaf edir və bu prosesin əsas dayaqlarından biri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıqdır. Münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Serbiya üçün Azərbaycan mühüm strateji tərəfdaşdır. Azərbaycan hazırda Avropanın 16 ölkəsi ilə təbii qaz ixracı sahəsində əməkdaşlıq edir və Serbiya da bu ölkələr sırasındadır. İki ölkə arasında əlaqələr çoxşaxəlidir. Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də qarşılıqlı fəaliyyət dərinləşir. Siyasi baxımdan tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması və müxtəlif beynəlxalq platformalarda qarşılıqlı dəstəyi xüsusi əhəmiyyət daşıyır".