Azərbaycanda nüfuzlu şəxslər vəzifədən azad edildi – Kütləvi həbslər başlayır?
10:04 SiyasətSon günlər ölkədə bir sıra yüksək vəzifəli şəxslərin tutduqları postlardan azad edilməsi müzakirələrə səbəb olub. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmilərin, nazir müavinlərinin vəzifədən kənarlaşdırılması müxtəlif ehtimalları gündəmə gətirib.
Vəzifədən azad edilən bu şəxslərlə bağlı hansı hüquqi qərarlar qəbul oluna bilər? Həbs ehtimalı varmı?
Globalinfo.az-a danışan sabiq müstəntiq Müşfiq Abbasov bildirib ki, konkret hər hansı şəxsin həbs olunacağını əvvəlcədən demək mümkün deyil:
"İlk növbədə bilinməlidir ki, həmin şəxslərlə bağlı hər hansı araşdırma aparılırmı? Araşdırmanın başlanması üçün isə hüquqi əsas olmalıdır. Bu əsas yoxlama təyin olunması ilə yarana bilər. Əgər onların fəaliyyəti çərçivəsində maliyyə resursları üzərində səlahiyyətləri olubsa, həmin dövr üzrə fəaliyyətləri yoxlanılmalıdır. Yoxlamanın nəticəsində ciddi pozuntular, maliyyə maxinasiyası və ya mənimsəmə faktı müəyyən edilərsə, toplanmış materiallar aidiyyəti üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməlidir. Bundan sonra istintaq orqanları məsələyə hüquqi qiymət verə bilər. Sadəcə vəzifədən azad olunmaq avtomatik olaraq həbs və ya digər cinayət-prosessual tədbir demək deyil".
M.Abbasovun sözlərinə görə, məsuliyyət məsələsinin həlli üçün ilk növbədə müvafiq dövlət qurumları tərəfindən hərtərəfli yoxlama aparılmalıdır:
"Yalnız araşdırmanın nəticəsinə əsasən qərar verilə bilər. Məsələn, konkret olaraq deyə bilmərik ki, Saleh Məmmədov həbs olunacaq. Təbii ki, həmin şəxslərin əmlakları, malları, maşınları var. Normal düşündükdə bu adamların həmin malları halal maaşla almadıqlarını hər kəs bilir. Amma onların məsuliyyət məsələsinin həll olunması fəaliyyətlərinin yoxlanılması barədə göstəriş verilməlidir".