Bakı və Belqrad arasında artan etimad: Ali səviyyəli görüşün mesajları ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərdə olub. Belqrad hava limanında dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Serbiya Prezidenti Aleksandar Vuçiç şəxsən qarşılayıb. Ali səviyyədə keçirilən bu görüş Bakı və Belqrad arasında artan geosiyasi yaxınlığın və iqtisadi əməkdaşlığın növbəti göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Prezident İlham Əliyevin Serbiyaya səfəri və Serbiya Prezidentinin onu hava limanında rəsmi şəkildə qarşılaması iki ölkə arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin bariz nümunəsidir. Prezidentlərin qarşılıqlı ehtiramı, etimadı və səmimi dialoqu strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndiyini göstərir.
Serbiya Prezidentinin Azərbaycan Liderini 
sözünə sadiq və etibarlı lider kimi xarakterizə etməsi dövlət başçıları arasında formalaşmış qarşılıqlı anlaşma və hörmətin dövlət siyasətində də öz əksini tapdığını göstərir. Bu münasibətlər təkcə siyasi sahə ilə məhdudlaşmır, həm də praktik əməkdaşlıq müstəvisində davamlı şəkildə inkişaf etdirilir. 
İki ölkə qlobal məsələlərdə koordinasiyalı fəaliyyət göstərir, beynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəkləyir, xüsusilə ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində qarşılıqlı həmrəylik nümayiş etdirirlər.
Əlaqələr iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Enerji, elektrik istehsalı, kənd təsərrüfatı və ticarət istiqamətlərində əməkdaşlıq genişlənir. Serbiya Azərbaycanın enerji təcrübəsinə maraq göstərir və bu sahədə birgə layihələrin həyata keçirilməsi gündəmdədir. Azərbaycan şirkətlərinin enerji infrastruktur layihələrində iştirakı əməkdaşlığın praktik müstəvidə inkişafına töhfə verir.
Birbaşa reyslərin açılması turizm və biznes əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır. Bu, həm Avropadan Azərbaycana gələn turistlərin sayının artmasına, həm də qarşılıqlı investisiya və ticarət əlaqələrinin güclənməsinə şərait yaradır.
Ümumilikdə isə bu səfər Azərbayca-Serbiya münasibətlərinin bütün sahələr üzrə inkişafına yeni impuls verən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi hər iki ölkənin milli maraqlarına xidmət edir və əməkdaşlığın praktik nəticələrinin artırılmasını şərtləndirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31