Komitə sədri səfiri 60 illik yubileyi münasibətilə təbrik edib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycanın Rumıniyada Fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə səfirin zəngin təhsil yolu, iqtisadiyyat, hüquq və beynəlxalq münasibətlər sahəsində əldə etdiyi biliklər, eləcə də elmi fəaliyyəti xüsusi vurğulanıb. - Bildirilib ki, Qüdsi Osmanovun diplomatik fəaliyyəti intellektual əsaslara söykənməklə yanaşı, Azərbaycan diplomatiyasının peşəkar ənənələrinə sədaqət örnəyidir.

Qüdsi Osmanovun Rusiya Federasiyasında fəxri konsul, baş konsul və səfir müavini, Moldova Respublikasında səfir, hazırda isə Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfir kimi fəaliyyəti dönəmində ikitərəfli münasibətlərin inkişafına, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsinə töhfələri də məktubda vurğulanıb.

Komitə sədri səfirin müxtəlif təltiflərini, o cümlədən Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılmasını diplomatik xidmətə sədaqətin və peşəkarlığın yüksək dəyərləndirilməsi kimi xarakterizə edib.

Fazil Mustafa yubilyara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işində yeni uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31