Rəqəmsal texnologiyalar ölkələrin tərəqqisində mühüm rol oynayır-

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət rəqəmsal transformasiyasının gələcək strategiyası, süni intellektin tətbiqi və rəqəmsal islahatların ölkənin inkişafında rolu əsas müzakirə mövzularından oldu. Ölkə Prezidenti İlham Əliyev çıxışında bildirib ki, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Bu gün dünyada rəqəmsal texnologiyalar sürətlə inkişaf edir və ölkələrin tərəqqisində mühüm rol oynayır. Azərbaycan da bu qlobal prosesə qoşularaq ölkənin yeni rəqəmsal arxitekturasını formalaşdırmaq istiqamətində mühüm addımlar atır. Bu yanaşmanın əsas məqsədi dövlət idarəçiliyini daha müasir etmək, xidmətləri sürətləndirmək və vətəndaşların həyatını asanlaşdırmaqdır.
Ölkə Prezidentimiz də çıxışında xüsusi ilə qeyd edib ki, son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31