Vardanyana humanistlik edilib? – Hüquqşünas 20 illik CƏZA haqda
13:15 SiyasətAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olundu. Bakı Hərbi Məhkəməsində Ruben Vardanyana 20 il azadlıqdan məhrumetmə cəzası verildi.
Qeyd edək ki, prokuror Ruben Vardanyana ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdi.
Ona qarşı irəli sürülən ittihamlar ömürlük həbs cəzasını da nəzərdə tuturdu. O zaman 20 il həbs verilməsi Azərbaycan məhkəməsinin humanist addım atması hesab edilə bilərmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Hərbi Məhkəmənin çıxardığı 20 il azadlıqdan məhrumetmə hökmü onun törətdiyi əmələ adekvatdır:
"Düzdür, Ruben Vardanyanın Azərbaycana qarşı təxribatlar həyata keçirən, döyüşən qanunsuz erməni silahlı birləşmələrinin maliyyələşdirilməsində, yaradılmasında iştirakı olub, amma özü şəxsən birinci və ikinci Qarabağ müharibələrində birbaşa iştirak etməyib. Azərbaycan xalqına və ordusuna qarşı əlində silah vuruşmayıb. Eyni zamanda, azərbaycanlılara qarşı qətliamların birbaşa iştirakçısı olmayıb, terrorçuluğu və digər qanunsuz hərəkətləri maliyyələşdirməklə, Azərbaycana qarşı çıxışlar etməklə cinayətlərə yol verib. Bütün bunlara görə də ehtimal olunurdu ki, Vardanyana 20 il azadlıqdan məhrumetmə cəzası kəsiləcək".
Hüquq müdafiəçisi Prokurorluğun da mövqeyini dəstəkləyir, çünki onların mövqeyi ittihamı müdafiə etmək, cəza tələb etməkdir:
"Amma məhkəmə hakimiyyəti müstəqildir və qəbul etdiyi qərarları da müstəqil şəkildə qəbul edir. Bu baxımdan məhkəmənin verdiyi 20 il həbs cəzası adekvat olmaqla yanaşı, az cəza deyil. Amma bu son deyil. Məhkəmənin hökmünün qüvvəyə minmə müddəti 20 gündür. 20 gün müddətində ola bilər ki, cəzanın yüngüllüyünü nəzərə alan prokurorluq hökmdən protest versin və yaxud Vardanyan cəzanın ağır olduğunu qeyd edib hökmdən apelyasiya şikayəti etsin. Hələlik gözləyək. Onu da vurğulamaq istərdim ki, Vardanyanın məhkəməsi tamamilə şəffaf, ədalətli keçirilib".