Slovakiya Gürcüstanın ATƏT-ə sədrliyini və Aİ üzvlüyünü dəstəkləyir – ÖZƏL
12:37 SiyasətOlaylar.az xəbər verir ki, Slovakiya xarici işlər naziri Yuray Blanar gürcüstanlı həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında ölkəsinin Gürcüstanın beynəlxalq arenadakı təşəbbüslərinə tam dəstək verdiyini bəyan edib.
Nazir Blanarın sözlərinə görə, Gürcüstanın ATƏT-ə sədrliyi məsələsi artıq gündəmdədir. O, namizədlər siyahısında Kiprin də olduğunu, lakin Gürcüstanın namizədliyinin daha geniş razılıq əldə edilə biləcək bir kompromis variant kimi dəyərləndirildiyini vurğulayıb. Blanar qeyd edib ki, Gürcüstan regional təhlükəsizlik məsələlərinə əhəmiyyətli töhfə verə bilər.
Görüşdə Gürcüstanın Aİ-yə inteqrasiya prosesi də geniş müzakirə olunub. Slovakiya tərəfi iki tərəf arasında "düzgün və dürüst dialoqun" saxlanılmasının vacibliyini qeyd edib: Dezinformasiyaların qarşısını almaq üçün tərəflər birbaşa ünsiyyətdə olmalıdır. Slovakiya Gürcüstanın namizədlik statusu və üzvlük yolundakı addımlarını dəstəkləməyə davam edəcək.
Yuray Blanar Brüsseldə müzakirə olunan bəzi mübahisəli məqamlara, xüsusilə Gürcüstan portunun sanksiyalardan yayınmaq üçün istifadə edilməsi iddialarına da toxunub. O, Gürcüstanın müvafiq Aİ qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirərək, bu limanın sanksiyalar siyahısına salınmasına qarşı çıxdığını qətiyyətlə ifadə edib.