Azərbaycan və Serbiya tarixən dövlətçilik ənənələrinə sadiq qalmış ölkələrdir- ÖZƏL
11:50 Siyasət"Fevralın 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan-Serbiya münasibətlərinin artıq strateji tərəfdaşlıq mərhələsində yeni və daha məzmunlu bir mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Fatma Yıldırım deyib: "Cənab Prezidentin çıxışında xüsusi olaraq vurğulanan məqam dövlət suverenliyinə və milli maraqlara sadiqlik prinsipi bu gün beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya tarixən dövlətçilik ənənələrinə sadiq qalmış, öz suverenliklərini qorumaq uğrunda ciddi sınaqlardan keçmiş ölkələrdir. Bu baxımdan, Serbiyanın Prezidenti Aleksandar Vuçićin rəhbərliyi ilə əldə olunan nailiyyətlər yüksək qiymətləndirilməlidir.
Səfər çərçivəsində Azərbaycan-Serbiya Strateji Şurasının ilk iclasının keçirilməsi münasibətlərimizin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Həm siyasi dialoqun dərinləşdirilməsi, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi iki ölkə arasında etimada əsaslanan əməkdaşlığın bariz nümunəsidir.
Energetika sahəsində əməkdaşlığın genişlənməsi isə xüsusi diqqətəlayiqdir. Azərbaycanın Serbiyaya təbii qaz ixracı, ixrac həcminin artırılması barədə razılıq, eyni zamanda birgə elektrik stansiyasının inşası ilə bağlı qərar strateji əhəmiyyət daşıyır. Bu iqtisadi əməkdaşlıqla yanaşı, həm də Avropa enerji təhlükəsizliyinə verilən real töhfədir. Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etmək planı ölkəmizin artan ixrac potensialının göstəricisidir və bu kontekstdə Serbiya ilə əməkdaşlıq qarşılıqlı faydaya əsaslanan model kimi çıxış edir.
Hesab edirəm ki, bu səfərin nəticələri yaxın zamanda konkret layihələr və birgə təşəbbüslər şəklində özünü göstərəcəkdir. Azərbaycan-Serbiya münasibətləri dostluq, qarşılıqlı hörmət və strateji baxış üzərində qurulub və gələcək illərdə daha da möhkəmlənəcəkdir".