Paşinyanın şəxsi həyatı yenidən GÜNDƏMDƏ: 27 ildən sonra niyə indi - təsadüf, yoxsa siyasi hesab?
11:37 SiyasətSon aylarda Rusiya və Ermənistan mediasında Ermənistanın baş naziri Nikol Paşinyan və uzun illər vətəndaş nikahında yaşadığı həyat yoldaşı Anna Akopyan ətrafında müxtəlif iddialar və şayiələr dolaşır. Xüsusilə Akopyanın məşhur türk aktyoru Can Yamanla münasibətdə olması barədə xəbərlər informasiya məkanında geniş rezonans doğurub. Bu iddiaların bir qismi Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi kampaniya elementi kimi dəyərləndirilir. Belə bir həssas mərhələdə Paşinyanın ailə həyatı ilə bağlı hər hansı dəyişiklik istər-istəməz ictimai və siyasi müzakirələrin predmetinə çevrilir. Məhz bu kontekstdə Anna Akopyanın sosial şəbəkə hesabında vətəndaş nikahının sona çatdığını açıqlaması diqqət çəkib. Ardınca "Hraparak" nəşrinin onların münasibətlərinin rəsmiləşdirildiyini və qeydiyyata alındığını yazması isə sualları daha da artırıb: 27 illik birgə həyatın hüquqi statusunun məhz indi dəyişməsi təsadüfdürmü, yoxsa seçkiqabağı söz-söhbətlərə cavab xarakteri daşıyır?
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a şərh verib:
"Əgər mətbuatda gedən məlumatlar doğrudursa və Anna Akopyanla Nikol Paşinyan arasında münasibətlərin hüquqi statusu dəyişibsə, bunu bir neçə prizma ilə oxumaq olar. Müasir siyasi sistemlərdə seçici davranışı adətən iqtisadi durum, təhlükəsizlik, xarici siyasət və sosial rifah kimi faktorlarla müəyyən olunur. Ermənistan kimi son illərdə ciddi geosiyasi sarsıntılar yaşamış bir ölkədə ailə statusu əsas gündəm formalaşdıran faktor deyil.
İkincisi, rəsmi nikaha keçiddir. Əgər uzun illər faktiki birlikdə yaşayıb, lakin hüquqi qeydiyyat olmadan münasibət qurublarsa və indi bunu rəsmiləşdiriblərsə, bu da siyasi baxımdan radikal dəyişiklik demək deyil. Çünki erməni cəmiyyəti artıq onların münasibət modelini bilirdi. Yəni burada "şok effekti" yaradacaq yeni bir informasiya yoxdur. Ermənistan cəmiyyəti əvvəldən onların rəsmi nikahda olmadığını bilirdi. Ona görə də bu məsələ seçkilərə birbaşa və həlledici təsir göstərəcək faktor kimi görünmür. Daha çox simvolik və ya etik müstəvidə müzakirə oluna bilər. Xüsusilə də ənənəvi dəyərlər prizmasından baxan qruplar üçün bu mövzu ritorik alətə çevrilə bilər. Amma bu, kütləvi siyasi davranışı dəyişəcək səviyyədə görünmür. Ümumilikdə isə müasir siyasi münasibətlər sistemində liderlərin şəxsi həyatının təsiri əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Seçici daha praqmatikdir"