Qaradağlı faciəsi ermənilərin Azərbaycan türklərinə qarşı nifrətin nəticəsidir- ÖZƏL

"Bu gün Qaradağlı faciəsinin ildönümüdür. 1992-ci il fevralın 15-dən başlayaraq, erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Qaradağlı kəndinə hücum etdi. İki gün çəkən ağır döyüşlərdən sonra, ermənilər fevralın 17-də kəndi işğal etdilər. İşğal zamanı kənd tamamilə dağıdılmış, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansız hücumlar edilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 5 il ərzində qəhrəmanlıqla mübarizə aparmışdır. Kəndin sakinləri, doğma yurdlarının hər qarışı uğrunda döyüşərək, onlarla sakin qeyri-bərabər şəraitdə şəhid olmuşdur.
Burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr, erməni millətçilərinin azərbaycanlılara qarşı yürüdükləri etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu dəhşətli qətliam, Azərbaycan türklərinə qarşı səslənən nifrətin nəticəsidir.
Ermənilər tərəfindən həyata keçirilən bu vəhşilik xalqımızın yaddaşından silinməyəcəkdir; gələcək nəsillər bu faciənin dəhşətlərini heç zaman unutmayacaqdır. Soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31