BƏƏ dövlət naziri NATO baş katibini Ukrayna və Yaxın Şərqdə gərginliyi azaltmağa çağırdı- ÖZƏL 

Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Nuseybe NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukrayna və Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb.
Olaylar.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, tərəflər görüş zamanı beynəlxalq gündəmdə duran bir sıra məsələləri, o cümlədən Ukraynadakı münaqişəni və Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.
Lana Nuseybe regionlarda artan gərginlik fonunda vəziyyətin deeskalasiyasının vacibliyini vurğulayıb və effektiv, məsuliyyətli diplomatiya vasitəsilə siyasi həll yollarının irəli aparılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə eyni zamanda BƏƏ ilə NATO arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsi də diqqət mərkəzində olub. Nuseybə Əbu-Dabinin alyansla uzunillik əməkdaşlıq təcrübəsinə diqqət çəkərək bildirib ki, bu tərəfdaşlıq yalnız kadr hazırlığı sahəsində davamlı əməkdaşlıqla məhdudlaşmır, həm də BƏƏ-nin müxtəlif regionlarda NATO-nun himayəsi altında həyata keçirilən əməliyyatlarda iştirakını əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31