Maka Boçorişvili: "Avropaya inteqrasiya siyasi alətə çevrilməməlidir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili slovakiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında rəsmi Tbilisinin Avropa İttifaqına (Aİ) inteqrasiya yolundakı qətiyyətini və qarşılaşdığı çətinlikləri diqqətə çatdırıb.

Boçorişvili qeyd edib ki, Brüssel bəzən inteqrasiya prosesindən siyasi təzyiq vasitəsi kimi istifadə edir. O, Slovakiyanın bu yanaşmaya qarşı çıxaraq Gürcüstanın səmimi istəklərini dəstəkləməsini yüksək qiymətləndirib: "Biz tez-tez Brüsselin Avropaya inteqrasiya prosesindən siyasi alət kimi istifadə etdiyinin şahidi oluruq. Slovakiyanın bu yanaşmaya qarşı çıxması və Gürcüstanın Aİ-yə inteqrasiya yolundakı səmimi səylərini dəstəkləməsi bizim üçün çox önəmlidir."

Nazir Gürcüstanın beynəlxalq sanksiyalar rejiminə sadiqliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, ölkə ərazisindən sanksiyalardan yayınmaq üçün istifadə edilməməsi istiqamətində ciddi addımlar atılır. Lakin Boçorişvili bəzi qərarların birtərəfli qaydada verilməsindən narahatlığını ifadə edib: Gürcüstan sanksiyaların effektiv tətbiqi üçün bütün imkanlarını səfərbər edib. Bəzən Avropa tərəfi tam məlumat mübadiləsi aparmadan qərarlar qəbul edir. Bu cür addımlar Gürcüstan və Aİ arasındakı mövcud potensiala və qarşılıqlı münasibətlərə xələl gətirir.

Sonda Maka Boçorişvili əlavə edib ki, Gürcüstan bu çətin yolda dost ölkələrin, xüsusilə Slovakiyanın dəstəyinə böyük ehtiyac duyur və bu əməkdaşlığın gələcək uğurların açarı olduğuna inanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31