Əli Mustafa: "İdman arenası siyasi mübarizə meydanı deyil" – ÖZƏL

Milan Qış Olimpiya Oyunlarında erməni fiqurlu konkisürmə cütlüyünün "Artsax" adlı musiqi sədaları altında çıxış etmək cəhdi iflasa uğrayıb. Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi etirazından sonra Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi (ISU) hərəkətə keçib. Proqramdan "Artsax" adı silinib, musiqi yalnız müəllifin adı ilə ("Music by Ara Gevorqyan") qeyd edilib. Azərbaycan tərəfi Olimpiya Oyunlarının siyasi təbliğat platforması olmadığını və bu addımın birbaşa təxribat xarakteri daşıdığını bildirib.

"İdman sahəsinin siyasi məqsədlər üçün alətə çevrilməsi qəbuledilməzdir. Ümumiyyətlə, idman daha çox barış platforması, anlaşma və yaxınlaşma imkanı kimi qiymətləndirilir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, konkret olaraq, Milanda keçirilən qış idman yarışlarında erməni tərəfinin "Artsax"la bağlı dəfələrlə müəyyən cəhdlər göstərməsi məqbul sayıla bilməz. Bunun Ermənistan hökumətinin məlumatı daxilində olub-olmaması bəlli deyil. Lakin bütövlükdə bu addım ən azı qaydalara uyğun olmayan davranış təsiri bağışlayır.

Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan arasında müəyyən razılaşmalar, kommunikasiya və sülh istiqamətində yol xəritəsi mövcuddur. Azərbaycan bir çox məsələlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistan tərəfi də məsuliyyətli davranmalıdır. Əgər hər fürsətdə təxribat xarakterli addımlar atılacaqsa və qarşı tərəf daim ehtiyatlı mövqe saxlamağa məcbur ediləcəksə, bu, erməni tərəfi üçün də müsbət nəticə vəd etmir. Burada ya etimad mühiti formalaşmalıdır, ya da əgər müxtəlif platformalardan istifadə etməklə Qarabağla bağlı iddialar yenidən gündəmə gətiriləcəksə, o zaman qarşı tərəfin də müxtəlif istiqamətlərdə iddialar səsləndirmək imkanları var. Bu isə münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər. Ona görə də, erməni tərəfi bu məsələdə daha uzaqgörən mövqe sərgiləməlidir.

"İdman arenası ayrı-ayrı dövlətlərin siyasi mübarizə meydanı olmamalıdır. Orası peşəkar idmançıların yarış meydanıdır. Xüsusilə fiqurlu konkisürmə kimi beynəlxalq yarışlarda təxribat xarakterli yanaşmaların nümayiş etdirilməsi xoş qarşılanmır. Artıq Qarabağ məsələsi hüquqi və siyasi baxımdan həllini tapıb - Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Əgər bu əraziyə hər hansı ad və ya status veriləcəksə, bunu Azərbaycan özü müəyyənləşdirəcək", - deyə siyasi şərhçi vurğulayıb.

Ekspertin fikrincə, informasiya müharibəsinin idman arenasına daşınması doğru deyil. Bu cür addımlar uğurlu strategiya sayıla bilməz. Azərbaycan tərəfi indiyədək bu məsələlərdə təmkin nümayiş etdirib. Lakin qarşı tərəf bu cür uğursuz cəhdləri davam etdirərsə, adekvat cavab addımları da gündəmə gələ bilər. Ümid etmək olar ki, idman öz neytrallığını qoruyacaq və bu kimi təxribat xarakterli hallar təkrarlanmayacaq.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31