İrəvanda “kommunikasiya savaşı”: Münhen sonrası ritorika və real güc balans ı-ÖZƏL
16:43 SiyasətArmen Aşotyan Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki çıxışına münasibət bildirərək deyib ki, baş nazir Nikol Paşinyanın regiondakı nəqliyyat layihələri, xüsusilə TRIPP (Zəngəzur) təşəbbüsü ilə bağlı arqumentləri Münhendən sonra zəifləyib.
Onun sözlərinə görə, Paşinyanın Ermənistanın layihədən maksimum fayda götürəcəyi barədə iddiaları artıq sual altındadır. Aşotyan həmçinin "Sülh kəsişməsi" təşəbbüsünün real perspektivləri ilə bağlı şübhələrin artdığını və ABŞ-də mümkün hakimiyyət dəyişikliyi halında sənədin yenidən gündəmə qayıda biləcəyinin müzakirə olunduğunu bildirib.
Bu açıqlamalar Ermənistanın daxili siyasətinə necə təsir edə bilər?
"Sülh kəsişməsi" təşəbbüsünün yenidən gündəmə qayıtması regiondakı güc nisbətinə real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Ermənistan müxalifəti uzun müddətdir ki, Nikol Paşinyanı regiondakı nəqliyyat və kommunikasiya layihələrində zəif mövqe tutmaqda, Ermənistanın maraqlarını tam təmin edə bilməməkdə ittiham edir. Münhen Təhlükəsizlik Konfransında səslənən bəyanatları arqument kimi təqdim etmək isə bu tənqidləri "beynəlxalq kontekst"lə əsaslandırmaq cəhdidir. Yəni məsələ təkcə daxili siyasi polemika deyil, həm də İrəvanın xarici siyasət kursunun legitimliyini sual altına almaq strategiyasıdır.
Ermənistan cəmiyyətində "Zəngəzur dəhlizi", TRIPP təşəbbüsü və ya "Sülh kəsişməsi" kimi layihələr onsuz da emosional və həssas mövzulardır. Müxalifətin ritorikası bu layihələrin ölkəni Türkiyə-Azərbaycan logistika zəncirinin passiv həlqəsinə çevirəcəyi qorxusunu qabartmağa yönəlib. Bu yanaşma daha çox suverenlik və təhlükəsizlik narrativi üzərindən qurulur və ictimai rəydə şübhə yaratmağa hesablanır.
Lakin reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda güc nisbəti siyasi bəyanatlardan çox, faktiki geosiyasi mövqe, iqtisadi potensial və təhlükəsizlik arxitekturası ilə müəyyən olunur. Bu baxımdan Armen Aşotyan kimi siyasətçilərin açıqlamaları informasiya müstəvisində diqqət çəksə də, real proseslərə təsir gücü o qədər də yüksək deyil.
Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh prosesi davam edir. Paralel olaraq Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də təmaslar saxlanılır. Bu iki xətt bir-biri ilə əlaqəlidir və regionda yeni kommunikasiya modelinin formalaşmasına xidmət edir. ABŞ isə hər iki prosesi yaxından izləyir və ümumi sabitləşmə xəttini prinsipial olaraq dəstəkləyir. Yəni mövcud dinamika Vaşinqtonun regionla bağlı maraqlarına zidd deyil.
Bu səbəbdən yaxın perspektivdə kəskin kurs dəyişikliyi ehtimalı yüksək görünmür. Əksinə, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişlənməsi Ermənistan üçün alternativsiz seçimə çevrilməkdədir. İrəvan da anlayır ki, prosesdən kənarda qalmaq daha ağır geosiyasi və iqtisadi nəticələr doğura bilər. Buna görə də daxili siyasi mübahisələrə baxmayaraq, ümumi strateji xəttin radikal şəkildə dəyişməsi real görünmür".
Zeynəb Mustafazadə