Azərbaycan-Ermənistan sərhədində dialoq yeni mərhələyə keçdi-görüş ünvanı açıqlandı
16:28 SiyasətAzərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesi çərçivəsində fəaliyyət göstərən komissiyaların işi son aylarda daha da intensivləşib. Artıq növbəti iclasın Ermənistanda keçiriləcəyi dəqiqləşib.
Musavat.com xəbər verir ki, bu məlumat "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində baş tutan görüşdə Ermənistanın Orbeli Analitik Tədqiqatlar Mərkəzinin eksperti Narek Minasyan tərəfindən səsləndirilib. Bildirilib ki, son iki iclasın Azərbaycan ərazisində təşkili fonunda növbəti görüşün Ermənistanda keçirilməsi qərara alınıb.
Qeyd edək ki, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalara Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Baş nazirin müavini Mher Qriqoryan sədrlik edir. Tərəflər sonuncu dəfə 2025-ci il noyabrın 28-də Qəbələ şəhərində bir araya gəlmişdilər.
Ekspertlər hesab edirlər ki, qarşılıqlı səfərlərin və iclasların hər iki ölkənin ərazisində növbəli şəkildə təşkili sülh prosesində etimad mühitinin formalaşmasına xidmət edir. Belə yanaşma tərəflər arasında dialoqun davamlılığını təmin etməklə yanaşı, texniki məsələlərin yerində müzakirəsinə və sərhəd xəttinin dəqiqləşdirilməsi prosesinin daha şəffaf şəkildə aparılmasına imkan yaradır. Qarşılıqlı səfərlər həm də siyasi iradənin nümayişi kimi qiymətləndirilir və regionda uzunmüddətli sabitliyə doğru atılan addımların praktik müstəvidə davam etdiyini göstərir.
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, əslində, bu cür qarşılıqlı səfərlər və sərhəd delimitasiyası üzrə komissiyanın növbəti iclasının keçirilməsi, post‑münaqişə dövründə sülh və dialoq təşəbbüslərinin davamlılığını göstərir: "Məlumdur ki, 2020‑ci il Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda əldə etdiyi mövqeyin davamlılığı və sərhəd məsələlərinin hüquqi və texniki çərçivədə həlli ölkənin diplomatik strategiyasının mərkəzində durur. İndi komissiyanın növbəti iclasının Ermənistan ərazisində keçirilməsi, əvvəlki iclasların Azərbaycanda keçirilməsindən sonra qarşılıqlı etimadın və əməkdaşlığın davam etməsinə işarə kimi qəbul oluna bilər. Bu, həm də tərəflər arasında praktik dialoqun gücləndirilməsi üçün vacib mexanizmdir.
Bilirik ki, sərhəd delimitasiyası çərçivəsində həyata keçirilən fəaliyyət özündə bir sıra kompleks addımları ehtiva edir. Sərhəd xəritələrinin dəqiqləşdirilməsi, təhlükəsizlik tədbirlərinin razılaşdırılması, sərhəd infrastrukturunun idarə olunması və s. Bu baxımdan, Şahin Mustafayevin səfəri yalnız protokol xarakterli deyil, bu səfər həm də konkret fəaliyyət planlarının, sərhədin delimitasiyasının və təhlükəsizlik mexanizmlərinin müzakirəsi baxımından olduqca vacib səfərdir. Bu addım, ölkələrin mövcud razılaşmaları səmərəli tətbiq etməsinə və gələcəkdə daha geniş sülh razılaşmalarının əsasını yaratmasına imkan verir.
Səfərin etimadın bərpası baxımından da mühüm əhəmiyyəti olduğunu deyə bilərik. Qarşılıqlı səfərlər göstərir ki, Azərbaycan dialoqa açıqdır və Ermənistanla münasibətləri normallaşdırmaq, həmçinin regionda davamlı sabitliyi təmin etmək niyyətindədir. Bu həm daxili auditoriya, həm də beynəlxalq tərəfdaşlar üçün Azərbaycanın həm diplomatik, həm də texniki baxımdan sülhə və əməkdaşlığa sadiq olmasına dair verilmiş mühüm mesajdır. İkitərəfli müzakirələr eyni zamanda regionda üçüncü tərəflərin müdaxiləsinə olan ehtiyacı da azaltmaq baxımından olduqca vacibdir.
Əlbəttə ki, risklər də mövcuddur. Sərhəd delimitasiyası və təhlükəsizlik məsələləri mürəkkəb və texniki xarakter daşıyır. Tərəflər arasında hələ də ziddiyyətlər mövcuddur. Bu baxımdan real nəticələr üçün ardıcıl tədbirlər və uzunmüddətli əməkdaşlıq tələb olunur".