Bəhruz Quliyev: "O sual jurnalist təşəbbüsü deyil, sifarişli təxribat idi" – ÖZƏL

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Münhendə ona sual vermək adı ilə yaxınlaşan və təxribat törətməyə çalışan Emin Hüseynova gözlənilməz cavab verib.
Konfrans zalından çıxan Mehriban xanım Əliyevaya "demokratiya" barədə sual ünvanlamaq istəyən E.Hüseynova qarşı tərəfin reaksiyası kəskin və dəqiq olub. Birinci vitse-prezident ayaq saxlayaraq: "Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram" - deyə cavab verib və yoluna davam edib.

"Əvvəlcə qeyd edək ki, Mehriban Əliyevaya ünvanlanan həmin "sual"ı sıradan jurnalist təşəbbüsü kimi təqdim etmək doğru deyil. Bu, daha çox müəyyən dairələrin hazırladığı və konkret məqsədə hesablanmış təxribat xarakterli sual idi. Məqsəd informasiya əldə etmək yox, diqqət çəkmək, manipulyasiya yaratmaq və Azərbaycan ətrafında neqativ gündəm formalaşdırmaq idi".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, belə hallarda bu cür "jurnalist" sadəcə alətə çevrilir, səsləndirilən sual isə arxa planda dayanan qüvvələrin sifarişidir. Beynəlxalq platformalarda bu cür addımlar artıq informasiya müharibəsinin adi elementinə çevrilib.

Ekspert qeyd edib ki, Mehriban Əliyevanın verdiyi qısa, diplomatik və dəqiq cavab isə bu ssenarini pozdu. O, emosiyaya qapılmadan təxribatı ifşa etdi və müzakirənin istiqamətini dəyişdi. Bununla da göstərildi ki, Azərbaycan tərəfi belə manipulyativ yanaşmaları tanıyır və onlara adekvat cavab vermək qabiliyyətinə malikdir.

"Düşünürəm ki, bu hadisə bir daha sübut etdi ki, məsələ sualda deyil, onu yönləndirən qüvvələrdədir. Cavab isə bu cəhdlərin uğursuz və Mehriban xanımın  diplomatiyada böyük usta olduğunu göstərdi", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31