"Sülh kəsişməsi" ətrafında manipulyasiya: Aşotyanın iddiaları daxili auditoriyaya hesablanıb – ÖZƏL

Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan, Nikol Paşinyanın nəqliyyat layihələri ilə bağlı iddialarının Münhen Təhlükəsizlik Konfransından sonra əhəmiyyətini itirdiyini bildirib.
Aşotyanın fikrincə, Paşinyanın Ermənistanı regional logistika mərkəzinə çevirmək cəhdləri şübhə altına düşüb və ölkənin Türkiyə-Azərbaycan xəttində sadəcə bir "əlavə" olması təhlükəsi artıb. O, "Sülh kəsişməsi" təşəbbüsünün real gündəmdən düşdüyünü və bu sənədin taleyinin ABŞ-dəki mümkün hakimiyyət dəyişikliyindən asılı qaldığını vurğulayıb.

"Nəzərə alsaq ki, Ermənistanın Respublikaçılar Partiyasının nüfuzu artıq ciddi şəkildə zəifləyib, Armen Aşotyanın bu formada açıqlama verməsi mövcud siyasi reallığı dəyişmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu partiya faktiki olaraq Serj Sarkisyanın dövründə inzibati resurslardan istifadə etməklə, cəmiyyəti qorxu altında saxlayaraq və seçkilərin saxtalaşdırılması iddiaları fonunda hakimiyyətdə olub. Təsadüfi deyil ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra partiyanın reytinqi kəskin şəkildə aşağı düşməyə başladı. Bütün bu amillər onu deməyə əsas verir ki, Respublikaçılar Partiyası bu gün Ermənistanda kənara çəkilmiş, əvvəlki təsir imkanlarını itirmiş siyasi qüvvədir. Onun hər hansı açıqlamasının cəmiyyətin ümumi rəyinə ciddi təsir göstərəcəyi inandırıcı görünmür.

Ekspert qeyd edib ki, hazırda müxalifətin əsas məqsədi seçki ərəfəsində Nikol Paşinyanın mövqelərini zəiflətmək, onu ictimai rəy qarşısında nüfuzdan salmaqdır. Aparılan siyasi ritorika və səsləndirilən ittihamlar da məhz bu məqsədə xidmət edir.
Eyni zamanda Cənubi Qafqazda mövcud sabitliyin qorunması, uzun müddət ərzində Azərbaycan və Ermənistan arasında hər hansı genişmiqyaslı toqquşmanın baş verməməsi, tərəflərin sülh gündəliyinə sadiq qalması və paralel şəkildə etimad mühitinin formalaşdırılması istiqamətində addımların atılması göstərir ki, Vaşinqtonda əldə olunan razılaşma müsbət məqamları özündə əks etdirir.

"Bu razılaşmada bir sıra müsbət elementlər mövcuddur. Xüsusilə də planlaşdırılan nəqliyyat və kommunikasiya layihəsi Cənubi Qafqaz regionu üçün, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğun iqtisadi imkanlar yarada bilər. Kənar dövlətlərin də bu layihəyə investisiya yatırmaqla iqtisadi divident əldə etməsi mümkündür. Bu baxımdan, Ermənistanda bəzi siyasi dairələrin şəxsi ambisiyalar naminə səsləndirdikləri sərt açıqlamalar daha çox daxili auditoriyaya hesablanmış populist yanaşma təsiri bağışlayır və real siyasi proseslərin mahiyyətini dəyişmir", - deyə ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31