Rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişafını müəyyən edir- ÖZƏL

"Azərbaycanda həyata keçirilən müasir iqtisadi quruculuğun əsas hədəfləri dövlət-özəl və biznes sektorlarında rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi müasir rəqəmsal iqtisadiyyat quruculuğu yolunda yeni həll yollarını müəyyən etmək, rəqəmsal inkişaf və süni intellekt sahəsində fundamental addımlar atmaq, rəqəmsal dünyanın verdiyi imkanları fürsətə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır. Ölkənin Asiya ilə Avropa arasındakı strateji coğrafi mövqeyi, mövcud nəqliyyat və enerji infrastrukturları isə rəqəmsal dəhlizlərin qurulması üçün güclü əsasa malikdir.
Azərbaycan rəqəmsal inkişaf mərhələsinə çatmaq, yeni texnologiyaların, İKT-nin və süni intellektin geniş tətbiqi yolu ilə rəqəmsal intibaha nail olmaq üçün qarşısına konkret hədəflər qoyub. Bu istiqamətdə geniş xarakter alan dərin və əhatəli islahatlar isə rəqəmsal inkişafın ölkə iqtisadiyyatında əlavə dəyər yaradan dayanıqlı sektora çevrilməsi üçün dövlətin iradə və qətiyyətini nümayiş etdirir. Dövlət başçısının bəyan edildiyi kimi, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.
Rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində son illərdə mühüm institusional və praktiki addımlar atılmaqdadır ki, bu da rəqəmsal transformasiya üçün dayanıqlı bazanın yaradılmasına imkan verir. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə "Hökumət buludu" yaradılıb, "SİMA" Biometrik İmzanın təqdim edilməsi elektron mübadilələri dərinləşdirib, "Mygov" uğurlu model kimi istifadəçilərin rəqəmsal ünvanına çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31