Tiqran Abramyan: "Ermənistan hakimiyyəti Bakı və Ankaranın istəklərini yerinə yetirir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın müxalif Respublika partiyasından olan deputat Tiqran Abramyan fevralın 16-da Milli Məclisdə keçirilən ənənəvi brifinqlər zamanı səs-küy yaradan bəyanatla çıxış edib. O, ölkə rəhbərliyini Azərbaycan və Türkiyənin maraqlarına xidmət etməkdə ittiham edib.

Abramyanın sözlərinə görə, Azərbaycan mətbuatı hazırda böyük sevinc içindədir. Deputat qeyd edib ki, yerli mətbuatda Bütün Ermənilərin Katolikosu "revanşist" kimi qələmə verilir. Buna səbəb isə Katolikosun mütəmadi olaraq Qarabağ ermənilərinin hüquqlarının bərpası və məsələnin "ədalətli həlli" barədə danışmasıdır.

Müxalif deputat Ermənistanın hazırkı iqtidarını kəskin tənqid edərək bildirib: "Ermənistanda fəaliyyət göstərən hakimiyyət Azərbaycanın irəli sürdüyü şərtləri ardıcıl şəkildə yerinə yetirir və bunu "xoş məramlı jest" adı altında qarşı tərəfə "hədiyyə" kimi təqdim edir."(?)

Abramyan həmçinin əlavə edib ki, mövcud rejim ölkə daxilində yalnız öz siyasi maraqlarını qorumağa çalışır, xaricdə isə Bakı və Ankaranın "doymaq bilməyən iştahını" təmin etməklə məşğuldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31