Müstəqil jurnalistika, yoxsa saxtakarlıq?- ÖZƏL
12:21 Siyasət"Müasir informasiya mühitində sosial media platformaları siyasi kommunikasiya prosesinin əsas alətlərindən birinə çevrilmişdir. Bu kontekstdə özünü "müstəqil jurnalist" kimi təqdim edən bəzi blogerlərin fəaliyyəti Azərbaycan cəmiyyəti tərəfindən ciddi qınaq doğurmaqdadır". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Bu destruktiv qüvvələrin işi gücü və maliyə qaynaqları Azərbaycan dövlətini tənqid etmək ilə bağlıdır. Ağızlarına gələni danışan Avropadakı blogerlər mənəviyyat,vətən, dövlət kimi anlayışlardan uzaq olaraq youtube və digər platformalar üzərindən özlərinə oxşayan izləyiciləri ilə bir - birilərinə psevdo zövq verməklə məşquldurlar.
Destruktiv rəqəmsal diskursun əsas xüsusiyyətlərindən biri selektiv informasiya təqdimatıdır. Azərbaycan dövlətinin son illərdə əldə etdiyi mühüm siyasi və hərbi nəticələr - xüsusilə ərazi bütövlüyünün bərpası, regional geosiyasi mövqeyin güclənməsi və beynəlxalq platformalarda artan fəallıq - obyektiv siyasi analizdə əsas komponentlərdən biri olmalıdır.
Lakin bu destruktiv qüvvələr bir dəfə belə olsun Tarixi Qələbəmizlə bağlı bir kəlmə belə demədilər. SEVİNMƏDİLƏR! Paxıllıq etdilər, pərişan oldular, kədərə büründülər!
Uğurların invisibilizasiyası və diskursiv balansın pozulması
Siyasi kommunikasiya nəzəriyyəsində "uğurların invisibilizasiyası" fenomeni destruktiv informasiya strategiyasının əsas indikatorlarından biri hesab olunur. Yəni dövlətin əldə etdiyi strateji nailiyyətlərin sistemli şəkildə gündəmdən kənarda saxlanılması, yalnız neqativ narrativlərin ön plana çıxarılması ilə müşayiət olunur.
Azərbaycanın müharibədə əldə etdiyi qələbə, post-münaqişə dövründə regional layihələrdə artan rolu və beynəlxalq sistemdə nüfuzunun yüksəlməsi kimi faktorların diskursdan kənarda qalması da onların necə "müstəqil jurnalist" olmalarının sübutudur".