Nə Rusiya, nə ABŞ: Paşinyanın "2046 ssenarisi" kimə xidmət edir? – ÖZƏL
16:36 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan Metsamor AES-in istismar müddətini 2046-cı ilə qədər uzatmaq niyyətini açıqlayaraq Rusiyaya sadiqlik mesajı verib. Professor Qafar Çaxmaqlı bu addımı ABŞ-nin təklif etdiyi modul tipli reaktorlara görə Moskvanın artan təzyiqlərini yumşaltmaq cəhdi kimi qiymətləndirib. Ekspertin fikrincə, seysmik zonada yerləşən köhnə stansiyanın saxlanılması həm texniki risk, həm də Rusiyadan nüvə asılılığının davam etməsi deməkdir.
Paşinyanın "2046 hədəfi" ABŞ-nin modul reaktor təklifindən birdəfəlik imtina etmək, yoxsa sadəcə vaxt qazanmaq taktikasıdır? Paşinyan Rusiyadan uzaqlaşa biləcəkmi?
"Paşinyanın əsas hədəfi Rusiyanın ona qarşı mümkün qədər aqressiv münasibət sərgiləməsinin qarşısını almaqdır. Eyni zamanda o, məsafəli davranmaqla nə Rusiyanı, nə də Qərbi itirmək istəyir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, Ermənistan Rusiyanı itirmək istəmir, çünki Moskvanın Ermənistanda ciddi təsir imkanları var - həm iqtisadiyyatda, həm nəqliyyat-kommunikasiya sistemində, həm də siyasi müstəvidə. Lakin Paşinyan Rusiyaya həddindən artıq yaxınlaşmaq da istəmir. Çünki Rusiyaya açıq şəkildə yaxınlaşmaq onun hakimiyyətinin sonu ola bilər. Buna görə də o, "nə vurub yıxmaq, nə də tutub qaldırmaq" prinsipi ilə hərəkət edir. Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin 2046-cı ilə qədər uzadılması ideyası da məhz bu balans siyasətindən qaynaqlanır.
Ekspert qeyd edib ki, burada söhbət Rusiyaya sədaqət nümayiş etdirməkdən getmir. Paşinyan özü də anlayır ki, Rusiyaya kor-koranə sədaqətin mənası yoxdur, xüsusilə də Rusiyanın hazırkı vəziyyətini nəzərə alsaq. O, zaman qazanmağa çalışır və müəyyən müddət ərzində Rusiyanın hansı vəziyyətə gələcəyini gözləyir. Burada, təbii ki, Rusiya-Ukrayna müharibəsi nəzərdə tutulur. Müharibənin nəticəsindən sonra Ermənistan rəhbərliyinin daha qəti qərar vermək ehtimalı istisna deyil. Hazırkı mərhələdə Paşinyan daha çox Rusiyanı qıcıqlandırmamaq və Moskvanın Ermənistana qarşı sərt mövqe tutmasının qarşısını almaq prinsipinə əməl etməyə çalışır. Eyni zamanda, böyük ehtimalla Ermənistan-Azərbaycan sülh müqaviləsinin yekun imzalanmasına və regional nəqliyyat-kommunikasiya sisteminin yenidən qurulmasına qədər bu balanslı siyasəti davam etdirmək niyyətindədir. 2046 hədəfi həm də ABŞ-nin və ümumilikdə Qərbin Cənubi Qafqaza, o cümlədən Ermənistana və Azərbaycana marağının uzunmüddətli perspektivdə qorunmasına hesablanmış addım kimi də dəyərləndirilə bilər.
Lamiyə Cəbrayılova