Vensin Cənubi Qafqaza səfəri- Rusiyanın təzyiq rıçaqları- ÖZƏL
16:33 Siyasət"Böyük ehtimalla Cənubi Qafqazı Rusiyanın psixoloji təsirindən, təhdidlərindən xilas etmək üçün Amerikanın beyin mərkəzlərinin strateji planları var. ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri, səsləndirdikləri fikirlər, imzaladıqları sənədlər həmin planın tərkib hissəsi ola bilər. Bu baxımdan Vensin həm Azərbaycana, həm də Ermənistana səfərini çox əhəmiyyətli hesab etmək olar. Görəsən, Şimaldan gələn təhlükələrin qarşısını almaq üçün bu dəstək yetərli olacaqmı?" "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Moskvanın Azərbaycana təzyiq rıcaqları yalnız orada çalışan azərbaycanlı mühacirlər və Rusiyanın maraqlarına xidmət edən 5-ci kolondur. Normal qonşuluq prinsiplərindən uzaq düşən Şimal qonşumuzun belə təzyiq elementləri uğursuzluga düçar olub və olacaq. Ukrayna bataqlığında gündən-günə batan Rusiyanın Azərbaycana bundan artığını edəcəyini düşünmürəm.
İmperiya təfəkküründən əl çəkməyən Rusiyanın artıq əvvəlki gücü yoxdur. Təhdid, təzyiq potensialının xeyli hissəsini xərcləyib.
Amma Ermənistanda vəziyyət fərqlidir. Baş nazir N. Paşinyanın başını yeməklə, rus tör-töküntülərini işə salmaqla hakimiyyət dəyişikliyinə cəhdlərin olması gözləniləndir. Ən maraqlısı odur ki, ABŞ-ın Ermənistanı Rusiyanın əlindən xilas etmək üçün daha hansı planları olacaq?
Rusiya Ermənistanda şər yuvasına çevrilmiş kilsəni işə saldı, Xocalı qatilləri olan Serj Sarkisyanı, Robert Köçəryanı və digər revanşistləri Moskva təlimatlandırıb irəli atdı. Amma nəticəsi olmadı. Etiraf etmək lazımdır ki, Paşinyan həmin qüvvələri zaman-zaman zərərsizləşdirə bilib. Ermənistanda ən maraqlı və təhlükəli dönəm parlament seçkisində baş verə bilər. O zaman Rusiya bütün rıçaqlarını işə salaraq revanşist qüvvələrin önə çıxmasına cəhd edəcək. Buna nə dərəcədə nail olacaq, onu zaman göstərər. Rusiyanın Qərbə sıx bağlı olan Paşinyanla bazarlığa gedəcəyi də inandırıcı deyil".