Regionda yeni siyasi reallıq yaranıb - ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vens Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir". Olaylar xəbər verir ki , bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Dövlətimizin başçısının çıxışında səsləndirilən fikirlər formalaşmaqda olan yeni strateji arxitekturanın siyasi konturlarını müəyyənləşdirən mesajlar idi. Xüsusilə Tramp-Vens administrasiyasına göstərilən müsbət münasibətə görə minnətdarlıq ifadə olunması və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin institusional müstəviyə keçdiyini təsdiqləyir.

Altı ay əvvəl Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılması haqqında memorandumun imzalanması bu prosesin başlanğıc nöqtəsi olmuşdur. Həmin mərhələdən etibarən intensiv danışıqlar aparılmış, prioritet sahələr müəyyənləşdirilmiş və nəticədə iki dövlət arasında münasibətləri sistemləşdirən fundamental sənəd ortaya çıxmışdır. Bu faktor uzunmüddətli strateji tərəfdaşlıq modelinə keçidin rəsmi təsdiqidir.
Prezident İlham Əliyev bəyanatında ABŞ rəhbərliyinə Qafqazda sülhə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib. Ötən ilin avqust ayında Ermənistan və Azərbaycan arasında Ağ Evdə paraflanmış sülh sazişi və imzalanmış Birgə Bəyannamə regionda yeni siyasi reallıq yaradıb. ABŞ-ın vasitəçilik səyləri nəticəsində formalaşan bu mühit artıq altı aydır davam edən sabitlik mərhələsi ilə müşayiət olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31