Azərbaycan cəmiyyətinin həmrəyliyi, dövlətçilik maraqları ətrafında birləşməsi xüsusilə vacib hesab olunur - ÖZƏL
13:32 Siyasət"Təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin ən vacib vəzifələrindən birini - Prezident Administrasiyasının rəhbərliyini uzun illər icra etmiş bir şəxs xarici ölkəyə bağlılıq, casusluq və vətənə xəyanət içində imiş. Eyni zamanda, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınan və özünü milli siyasi xəttin təmsilçisi kimi təqdim edən müxalifət lideri Əli Kərimlinin adının da bu iddialarla eyni kontekstdə hallanması ölkədə bəzi proseslərin yerində olmadığını göstərir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Məlumdur ki, Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirir və milli düşərgədə yer aldığını iddia edir. Lakin səsləndirilən iddialar onun da xarici təsir mərkəzləri, o cümlədən Moskva ilə əlaqəli ola biləcəyinə dair şübhələr yaradır. Bu kontekstdə uzun illər yüksək dövlət vəzifəsində çalışmış Ramiz Mehdiyevlə bağlı səslənən ittihamlar da xüsusi diqqət tələb edir.
Bildirilir ki, mövzu ilə bağlı müəyyən araşdırmalar aparılıb və bəzi materiallar, o cümlədən görüntülər təqdim olunub. Gələcəkdə əlavə faktların açıqlanacağı da istisna edilmir. Belə bir şəraitdə Azərbaycan cəmiyyətinin həmrəyliyi, dövlətçilik maraqları ətrafında birləşməsi xüsusilə vacib hesab olunur. Çünki uzun illər dövlət idarəçiliyində təmsil olunan şəxslərin müxtəlif təsir şəbəkələri formalaşdırmış ola biləcəyi ehtimalı diqqətli və məsuliyyətli yanaşmanı zəruri edir.
Digər tərəfdən, müxalifət mühitində də milli maraqlara sadiqlik, şəffaflıq və ictimai etimadın gücləndirilməsi ön plana çıxmalıdır. Xarici dəstəyə arxalanaraq hakimiyyət dəyişikliyi məqsədi güdən və sonradan həmin qüvvələrin maraqlarına xidmət edə biləcək yanaşmaların qarşısının alınması dövlətçilik baxımından mühüm sayılır. Bu baxımdan, həm iqtidar, həm də müxalifət daxilində mümkün qanun pozuntularının araşdırılması və aradan qaldırılması ümumi dövlət maraqlarının qorunmasına xidmət etməlidir.
Nəticə etibarilə, söhbət artıq siyasi rəqabətdən deyil, dövlət institutlarının möhkəmləndirilməsi və ictimai-siyasi mühitin sağlamlaşdırılması prosesindən gedir. Bu prosesdə isə cəmiyyətin bütün təbəqələrinin məsuliyyətli mövqe nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır."
Xatırladaq ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb.
İbrahim Məmmədli