Fazil Mustafa: “Paytaxt və bölgələr arasında rəqəmsal imkanlar baxımından mövcud fərq aradan qaldırılmalıdır”
12:50 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevn Azərbaycanın yeni rəqəmsal arxitekturası ilə bağlı çıxışı ölkənin texnoloji inkişaf prioritetlərini bir daha gündəmə gətirib. Mövzu ilə əlaqədar Millət vəkili Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa mediaya açıqlamasında bildirib ki, rəqəmsal transformasiya müasir dövrdə qaçılmaz prosesdir və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin rəqəmsal arxitektura yalnız texnoloji yeniliklərdən ibarət olmamalıdır:
"Rəqəmsallaşma sadəcə elektron xidmətlərin sayının artması demək deyil. Bu proses şəffaflıq və hesabatlılıq mühüm əhəmiyyət kəsb edir."
Açıqlamada xüsusilə regionlarda internet infrastrukturunun vəziyyətinə diqqət çəkilib.
Deputat qeyd edib ki, paytaxt və bölgələr arasında rəqəmsal imkanlar baxımından mövcud fərq aradan qaldırılmadan vahid rəqəmsal məkan formalaşdırmaq mümkün deyil.
Onun sözlərinə görə, yüksək sürətli internetə çıxış strateji prioritet elan edilməli, ucqar yaşayış məntəqələrində rəqəmsal xidmətlərə əlçatanlıq təmin olunmalıdır.
Deputat vətəndaşların şəxsi məlumatlarının qorunması məsələsinə də toxunub. O bildirib ki, rəqəmsal sistemlərin genişlənməsi ilə paralel olaraq hüquqi və institusional təminatlar gücləndirilməlidir.
"Vətəndaş bilməlidir ki, onun məlumatı təhlükəsizdir. Bu sahədə müstəqil nəzarət mexanizmləri və parlamentə müntəzəm hesabatlılıq təmin edilməlidir."
Deputat, rəqəmsal transformasiya proqramları üzrə ictimai və parlament nəzarətinin gücləndirilməsini, regionlarda rəqəmsal infrastrukturun sürətləndirilməsini, startap və innovasiya mühitində şəffaf və bərabər maliyyə dəstək mexanizmlərinin yaradılmasını, eləcə də şəxsi məlumatların qorunması sahəsində müstəqil institutun təsis edilməsi vacib hesab etdiyini vurğulayıb..
Komitə sədri qeyd edib ki, rəqəmsal arxitektura yalnız texniki layihə deyil, eyni zamanda ictimai etimad layihəsidir. Onun fikrincə, inklüzivlik, hüquqi təminat və şəffaflıq olmadan rəqəmsal inkişaf davamlı ola bilməz.