Arazın o tayında: “Hakimiyyət dəyişəcək, ölkə parçalanmayacaq”-Ekspert- ÖZƏL

İran İslam Respublikasının 45 illiyi ilə bağlı keçirilən yürüş-mitinq bir sıra mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, molla rejiminin İranda ciddi dəstəyi qalmayıb. Amma qəribədir ki, xalq rejimin alternativi sayılan qüvvələrə: Pəhləvi xanədanına və Xalq Mücahidlərinə də laqeyddir". Bunu Olaylar.az-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, yubiley mitinqi göstərdi ki, vilayəti-fəqih sistem son illərini yaşayır: "Yanvar aksiyalarından sonra qorxub bunkerə girən İran rəhbəri Əli Xamneyi xalqın qarşısına çıxmadı. Rejim mənsubları bunu təhlükəsizliklə əlaqələndirır, ABŞ və İsrailin ali rəhbəri vuracağından ehtiyat edirlər. Təbii ki bu amil də var. Lakin əsas səbəb o deyil. Əsas səbəb odur ki, vilayəti fəqih rejiminin və onun rəhbərinin əli xalqın qanına batıb. Son iğtişaşlarda SEPAH və Bəsic qüvvələri tam bir qətliam həyata keçirdilər. Aclığın, yoxsulluğun, səfalətin meydana çıxardığı insanlara atəş açdılar, "İsrailin casusu" adı ilə on minlərlə narazı insanı öldürdülər, şikəst etdilər, həbsə atdılar. Silahlı güclərə "vur" əmrini də Xamneyi vermişdi. Çünki prezidentin belə bir səlahiyyəti yoxdur. Ona görə də İran prezidenti Məsud Pezeşkian alnıaçıq, üzüağ mitinqə çıxdı, çıxış etdi. Məsud Pezeşkian yanvar ayında keçirilən aksiyalarda xalqın tərəfini tutmuş, rejimi suçlandırmışdı. Xalqın   ona münasibəti loyaldır. İğtişaşlarla müşayiət olunan aksiyalarda "Xamneyiyə ölüm" şüarı  səslənmişdi. Amma bircə dəfə də olsun Məsud Pezeşkian hədəfə alınmamışdı. Bu, onu göstərir ki, hazırda İran xalqının qəbul etdiyi yeganə səlahiyyətli fiqur Məsud Pezeşkiandır".
E.Cəfərlinin fikrincə, molla rejimi siyasi səhnədən çəkiləndə Məsud Pezeşkian keçid dövrünün lideri olacaq: "Gedişat onu göstərir ki, İran parçalanmayacaq, sadəcə, amma sürəsi dolmuş vilayəti fəqih rejimi ləğv ediləcək. Hakimiyyət küçədən formalaşmayacaq. Aralıq dövründə İranı legitim prezidenti Məsud Pezeşkian idarə edəcək. Avropanın terrorçu təşkilat kimi tanıdığı SEPAH ləğv edilərsə, ordu da hazırkı prezidentə tabe olacaq".

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31