Gerçək varidatın 1 faizi – şimal fitvasıyla xəyanətə qol qoymağın bədəli

Ramiz Mehdiyevin evindən çıxan 17 milyondan çox müxtəlif valyutalarla (avro, dollar, manat) bağlı ictimaiyyət arasında, həmişə olduğu kimi, yenə heyrət var. Bu dəfə bu təəccüb dalğasına bir az da şəkkaklıq qarışıb.

Sadəcə, bu dəfəki skeptizmin mahiyyəti başqa cürdür və "elə bu?" sualı ilə müşayiət olunur. Sosial şəbəkə fəalları kütləvi şəkildə hesab edirlər ki, Mehdiyevin evindən tapılan nağd pul onun gerçək varidatının 1 faizidir. Xalq Mehdiyevi hələ 20 il öncədən milyarder hesab edirdi.

Aydın məsələdir ki, illərlə toplanmış sərvətin heç də hamısı nağd valyutalar şəklində, daş-qaş, zinət əşyaları halında saxlanmır. Buraya işləyən və hər gün gəlir gətirən ticarət, iaşə, xidmət, istehsal müəssisələri, daşınmaz əmlaklar (paytaxtda, ölkənin səfalı guşələrində və xaricdə tikilmiş, tədarük edilmiş, bağışlanmış villalar), lüks avtomobillərdən ibarət qarajlar və sair və ilaxırlar da daxildir. Onların hamısının real bazar qiymətini cəmləsələr, hər halda evdən çıxan 17 milyonun 100 qatı edər.

İctimaiyyəti təəccübləndirən və şübhələndirən daha bir məqam isə bu qədər pulun evdə saxlanmasıdır. İnsanlar hesab edirlər ki, Mehdiyev kimi təcrübəli saray adamı bu pulları daha etibarlı yerdə saxlaya bilərdi və axtarış zamanı evindən yalnız fərdi təqaüdçünün "kəfən pulu" üçün birikdirdiyi məbləğ çıxardı, axtarış aparanlar əliboş və pərt vəziyyətdə qalardılar.

Bu düşüncədə olanlar unudurlar ki, hakimiyyətdə olduğu zamanlarda özünü sırf orta əsrlər padşahlarının sadiq baş vəzirləri kimi aparan, dövlət idarəetməsində eynilə həmin vəzirlərin üsullarını tətbiq edən Mehdiyev elə onlar kimi öz evini heç vaxt hansısa reydə, axtarışa məruz qalmayacaq qala hesab edirdi. O əmin idi ki, iqtidar komandası qarşısındakı danılmaz xidmətlərinə görə onun başına, "vurulmuş" saray əyanlarının başına gələn iş (ifşa, iflas, həbs və s.) gəlməyəcək.

Bu məqamda o, ciddi şəkildə yanılıb. Qədim fironların vaxtından günümüzə qədər heç vaxt saraylar xəyanətləri bağışlamayıb və bağışlamır. Nə qədər xidmət edirsən, et, bir gün üzünü döndərəcək, başqa niyyətlərə düşəcəksənsə, cəza qaçılmaz olacaq. Sovet hökuməti illərində yüz minlərlə kadrın başını yemiş "dünənki işinə görə sağ ol, bugünkünə cavab ver" devizi belə durumlar üçün icad və irad edilib. "Dünənki xidmətlər" heç vaxt bugünkü xəyanətlərə bəraət qazandıracaq qədər effektiv olmayıb.

R.Mehdiyevin 20+ il boyunca can-başla xidmət etdiyi iqtidar komandasına xəyanət etdiyinin bariz göstəricisi bu gün onun başına gələnlərdir. Detallar yavaş-yavaş açılmaqdadır. Tam təfərrüat hələ bəlli olmasa da, onun heç bir başqa əməli ona qarşı indiki münasibətə səbəb olmazdı. Ən adi vəzifəli şəxsdən tutmuş ən yüksək mənsəblilərə qədər əksər məmurların korrupsiya qazanına çömçə uzatdığı ölkələrdə varidat, sərvət sahibi olmaq, illərlə yığdığını xımır-xımır yemək qəbahət əməllər kateqoriyasında deyil.

Mehdiyev də yığdıqlarını yavaş-yavaş yeməkdə, yerdə qalanını indiki və gələcək züryətlərinə qoyub gedəcəyi miras kimi saxlamaqdaydı. Ancaq belə anlaşılır ki, o, xaricsən gələn fitva sayəsində, həm də sinninin o vədəsində avantürist bir planın icrasına çalışıb.

Bu "xarici qüvvə" başqası deyil, Rusiyadır. R.Mehdiyevin Moskva və onun Kremli ilə əlaqələri hələ sovet dövründən qırılmaz tellərlə bağlı olub. Hansısa ali məktəbdə baş müəllim, uzağı, dosent ola biləcək bir adamı hakimiyyət Olimpinin zirvəsinə məhz Moskva dırmaşdırıb - yaman günlərdə, həlledici məqamlarda istifadə etmək üçün.

Fəqət uzun illər onun Moskva qarşısında xidməti öz ölkəsindəki vəziyyətə "nəzarət etmək", "hər şeyi kontrolda saxlamaq"dan ibarət olub. Yalnız son illərdə, xüsusilə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Moskva hesab edəndə ki, rəsmi Bakı əvvəlki vaxtlarda olduğu qədər sözəbaxan deyil, o zaman Mehdiyevin işə qarışmasına ehtiyac yaranıb.

Onun müxalif qüvvələrlə əlaqəsinin detallarına dair təfərrüata ehtiyac var, amma həmin əlaqələrin olduğu şübhəsizdir. Bu, hələ 1995-ci ildən bəlli idi. Fəqət konfidensial müzakirələrin, gecə ziyarətlərinin, gizli maliyyələşdirmələrin sənədi, foto-videosu olmadığından kiməsə nəyisə sübut etmək çətin idi. Əli Kərimlinin və komandasının müxalifətin birliyinə xələl gətirən hərəkətlərinin, mandatla mükafatladırılmasının, müttəfiqlərinə qarşı xroniki mətbu savaşı aparmasının təsadüfi olmadığı, mütləq iqtidar komandasının himayəsi və sifarişi əsasında olduğu barədə mətbuatda yer alan istənilən ittiham anındaca təkzib olunurdu. Hələ bir qayıdıb adamı "şər-böhtan atmaq"da suçlayırdılar.

Əlaqə və gizli alış-verişlər isə gerçəkdən də varmış. Onların videoları indi yayılır. Görünür, bunu özləri üçün çəkib saxlayırmışlar - itaət və əməkdaşlıq sona qədər olsun deyə.

İndi cəmiyyət intizarla bu işin sonunun necə olacağını gözləyir. Təki salamatçılıq olsun, heç kimə sədəmə toxunmasın, görək kimin əli kimin cibindən çıxır.

Araz Altaylı, Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31