Qlobal iqtisadiyyatda artıq əsas kapital texnologiya və innovasiya potensialıdır- ÖZƏL

"Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin iqtisadi inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bu çıxış təkcə texnoloji yeniliklərin təşviqi ilə bağlı çağırış deyil, həm də Azərbaycanın post-neft dövründə rəqabət qabiliyyətini təmin edəcək iqtisadi modelin konturlarının müəyyənləşdirilməsidir".  "Olaylar" xəbər verir ki, b unu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Qlobal iqtisadiyyatda artıq əsas kapital təbii resurslar deyil, məlumat, texnologiya və innovasiya potensialıdır. Bu reallıq fonunda rəqəmsallaşma və süni intellekt məsələsinin dövlət siyasətinin prioritetinə çevrilməsi strateji zərurət kimi çıxış edir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proqramları ölkələrin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edir. İnkişaf etmiş iqtisadiyyatlarda dövlət idarəçiliyindən tutmuş sənaye, maliyyə, logistika və xidmət sektoruna qədər bütün sahələrdə rəqəmsal həllər məhsuldarlığı artırır, xərcləri azaldır və qərar qəbuletməni optimallaşdırır. Prezident  vurğuladığı kimi, Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, lakin əsas məsələ rəqəmsal inkişafın sistemli və vahid plan əsasında həyata keçirilməsidir. Azərbaycanın rəqəmsal iqtisadiyyata keçid üçün ciddi struktur üstünlükləri mövcuddur. İlk növbədə, ölkənin əlverişli geostrateji mövqeyi diqqət çəkir. Asiya ilə Avropa arasında yerləşən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində qərarlaşan Azərbaycan artıq fiziki tranzit mərkəzinə çevrilib. Növbəti mərhələdə bu dəhlizlərin rəqəmsal bağlantılarla - fiber-optik magistrallarla - tamamlanması ölkəni regional data qovşağına çevirə bilər. Mövcud enerji və nəqliyyat infrastrukturu üzərində rəqəmsal infrastrukturun qurulması iqtisadi sinerji effekti yaradır. Transmilli şirkətlərlə uzunillik əməkdaşlıq təcrübəsi də mühüm iqtisadi kapitaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31