Gürcüstan Aİ-yə sanksiyalarla bağlı mövqeyini çatdırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstanın xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvilinin Avropa İttifaqının Gürcüstandakı nümayəndə heyətinin rəhbəri, səfir Pavel Gerçinski ilə görüşü barədə məlumat yayıb.

Bildirilib ki, görüşün məqsədi Aİ-yə Rusiyaya qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə Gürcüstanın əməl etməsi, həmçinin sanksiyalardan yayınma hallarının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat vermək olub.

Gürcü tərəfi Aİ institutları və üzv dövlətlərin obyektiv faktları və Gürcüstanın sanksiyalara riayət, eləcə də onların pozulmasının qarşısının alınması istiqamətində atdığı genişmiqyaslı addımları nəzərə alacağına ümid etdiyini bildirib. Rəsmi Tbilisi həmçinin Xəzər-Qara dəniz-Avropa strateji dəhlizinə və Aİ-nin "Orta Dəhliz" təşəbbüsünə, o cümlədən ayrılmaz hissəsi olan Kulevi limanına hər hansı məhdudiyyət tətbiq edilməməsinin vacibliyini vurğulayıb.

Zurabaşvili Aİ tərəfinə Gürcüstan hökumətinin yük və gəmilərin hərəkətinə nəzarət, sanksiya tətbiq olunan obyektlərin aşkarlanması, "kölgə donanması" ilə bağlı beynəlxalq fəaliyyətin ifşası və beynəlxalq maliyyə institutlarının müəyyən etdiyi məhdudiyyətlərin icrası sahəsində gördüyü işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu barədə hesabatlar mütəmadi olaraq beynəlxalq tərəfdaşlara, ilk növbədə Aİ institutlarına təqdim edilir.

O, mediada Kulevi limanının Aİ-nin sanksiya siyahısına salına biləcəyi ilə bağlı yayılan məlumatları əsassız adlandırıb və limanda indiyədək sanksiyaya məruz qalan heç bir gəminin qeydə alınmadığını bildirib. Nazir müavini əlavə edib ki, Aİ institutları tərəfindən limanın fəaliyyəti ilə bağlı hər hansı irad və ya sual daxil olmayıb və bu sahədə əməkdaşlıq uzun illərdir müsbət qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31