Gömrük-keçid məntəqələrinin açılması: Sülh sazişindən əvvəl, yoxsa sonra? – ÖZƏL
17:04 Siyasət"Regionda baş verən hadisələr, xüsusilə Azərbaycan və Ermənistanın iştirak etdiyi proseslər müəyyən mənada sinxron şəkildə həyata keçirilir. Burada ABŞ-nin, Türkiyənin, eləcə də bəzi Avropa ölkələrinin fəaliyyəti diqqət çəkir. Azərbaycan və Ermənistan da bu proseslərdə müəyyən koordinasiya çərçivəsində hərəkət edirlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, ABŞ-nin vitse-prezidenti regiona gəlməzdən əvvəl Türkiyə artıq bir sıra məsələlər üzrə həm region ölkələri, həm də ABŞ ilə razılaşdırılmış proseslərin içində idi. Bu gün Ermənistan-Türkiyə münasibətlərində baş verən hadisələr, eləcə də Azərbaycan-Ermənistan danışıqları bir-biri ilə bağlı proseslərdir. Burada müəyyən koordinasiyalı fəaliyyət müşahidə olunur. Gömrük-keçid məntəqələrinin açılması, ümumilikdə Türkiyənin Ermənistanla sərhədlərin açılmasına və Avropa ilə kommunikasiyanın qurulmasına dəstək verməsi Ermənistanın Rusiyadan asılılığının azalmasına xidmət edən addımlar kimi qiymətləndirilə bilər.
"Məlumdur ki, Türkiyə Cənubi Qafqazla bağlı siyasətini böyük ölçüdə Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir. Bu məsələlərin də Azərbaycanla müzakirə olunduğunu ehtimal etmək olar. Proseslər sülh sazişindən əvvəl də başlaya bilər, yaxud sazişdən sonra sürətlənə bilər. Əsas məsələ zamanlama deyil, tərəflərin razılaşdırılmış şəkildə hərəkət etməsidir. Xüsusilə Azərbaycan və Türkiyə bir çox məsələləri birgə razılaşdırır. Bu da region dövlətləri ilə münasibətlərin nizamlanmasında uyğunluq yaradır. Artıq bölgə ölkələri anlayırlar ki, Azərbaycanla münasibətlər olmadan Türkiyə ilə, Türkiyə ilə münasibətlər normallaşmadan isə Azərbaycanla davamlı əməkdaşlıq mümkün deyil. Yəni bu məsələlər bir-birindən ayrılıqda mövcud ola bilməz", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, sülh sazişi və sərhədlərin onun imzalanmasından əvvəl və ya sonra açılması məsələsi də, şübhəsiz ki, müzakirə olunur. Bununla bağlı rəsmi və dəqiq məlumat yoxdur, yalnız ehtimallar irəli sürmək mümkündür. Sülh sazişi optimal zaman çərçivəsində imzalana bilər və bu, Konstitusiya dəyişikliklərindən əvvəl və ya sonra baş verə bilər. Əsas məsələ tərəflərin ortaq siyasi iradə nümayiş etdirməsidir.
Vacib məqamlardan biri də Ermənistanda keçiriləcək seçkilərin nəticəsidir. Seçkilər elə nəticələnməlidir ki, regionda başlanmış proseslər əngəllənməsin. Texniki məsələlərdə müəyyən dəyişikliklər mümkün olsa da, əsas məqsəd regionun inkişafı və xüsusilə Rusiyanın təsir dairəsindən çıxması istiqamətində atılan addımların davamlı olmasıdır. Bu proseslər onu da göstərir ki, Türkiyə artıq təkcə Azərbaycanla deyil, Ermənistanla da müəyyən əməkdaşlıq mərhələsini keçib. Münasibətlər dərinləşir və inkişaf edir. Bu isə bütövlükdə regionun sabitliyi və gələcəyi baxımından əhəmiyyətlidir.
"Regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması və üçüncü tərəflərdən asılılığın azalması istiqamətində koordinasiyalı bir siyasi mühit formalaşır. Bu isə bölgənin uzunmüddətli sabitliyi və inkişafı üçün əsas şərtlərdən biridir", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova