ABŞ-nin "yumşaq" uran taktikası: Kompromis, yoxsa diplomatik tələ? – ÖZƏL
16:50 SiyasətTürkiyə XİN rəhbəri Hakan Fidan bildirib ki, Vaşinqton və Tehran nüvə məsələsində kompromisə yaxındır. Razılaşmaya əsasən, ABŞ uranın zənginləşdirilməsinin tam dayandırılması tələbindən imtina edə bilər, İran isə sərt yoxlama rejimini qəbul etməyə hazırdır. Fidan xəbərdarlıq edib ki, raket proqramı kimi əlavə şərtlərin irəli sürülməsi prosesi poza və müharibə riskini artıra bilər.
ABŞ-İran razılaşması hansı hallarda mümkün ola bilər? ABŞ-nin uranın zənginləşdirilməsi ilə bağlı mövqeyini yumşaltması real kompromis əlamətidirmi?
"Qardaş Türkiyə Cümhuriyyətinin dövlət siyasəti olaraq İran və İran ətrafında müharibənin baş verməməsi istiqamətində göstərdiyi səylər, xüsusilə də Xarici İşlər Nazirliyinin iranlı həmkarları və amerikalı diplomatlarla apardığı intensiv və gərgin diplomatik təmaslar təqdirəlayiqdir".
Bu fikirləri sözügedən məsələ ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, Hakan Fidan da yaxşı anlayır ki, Amerika Birləşmiş Ştatlarının İrandan əsas gözləntisi yalnız nüvə sazişi üzrə razılaşmanın əldə edilməsi deyil. ABŞ-nin tələbləri daha geniş və fundamental məsələləri əhatə edir. Buraya mümkün rejim dəyişikliyi, İranın anti-Amerika və anti-İsrail geosiyasi kursundan uzaqlaşması, eləcə də ABŞ-nin rəqibləri ilə deyil, ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq edən bir aktora çevrilməsi kimi strateji məsələlər daxildir.
"Bu baxımdan düşünmürəm ki, yaxın perspektivdə ciddi və hərtərəfli razılaşma əldə olunsun. Sadalanan məqamları İran tərəfi də bildiyi üçün aparılan danışıqlarda əsas məqsədin vaxt qazanmaq olduğu qənaətindəyəm. Bu, daha genişmiqyaslı mümkün müharibəyə hazırlıq, müqavimət imkanlarının artırılması və hərbi-texniki satınalmaların tamamlanması üçün zaman əldə etmək cəhdidir. Əslində, danışıqların motivasiyası hər iki tərəfdə oxşardır. ABŞ də mümkün hərbi müdaxilə ssenarisində regiondakı bazalarını və müttəfiqlərini qorumağa, eyni zamanda əməliyyatın daha az itki ilə başa gəlməsinə nail olmağa çalışır. Məqsəd mümkün hərbi əməliyyatın mümkün qədər az sayda Amerika əsgərinin həyatı bahasına başa gəlməsidir. Hadisələrin real hərbi qarşıdurma mərhələsinə keçib-keçməyəcəyini isə proseslərin inkişafı göstərəcək. Hazırda görünən odur ki, tərəflər müzakirə olunan məsələlər üzrə real uzlaşmadan daha çox, qarşılıqlı şəkildə vaxt qazanmaq və bir-birini diplomatik manevrlərlə məşğul etmək xəttini seçiblər", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova