Keçmiş ritorika deyil, yeni layihələr öz sözünü deyəcək - Şəbnəm HƏSƏNOVA- ÖZƏL

"Zəfərimiz tariximizin ən parlaq səhifəsidir. Zəfər əldə edildikdən sonra Azərbaycanın xarici siyasət uğurlarının zirvəsində dayanan amil isə heç şübhəsiz ki, ABŞ ilə əlaqələrimizin keyfiyyətcə yeni müstəviyə qədəm qoymasıdır. ABŞ-nin vitse-prezidenti Vensin Azərbaycana rəsmi səfəri göstərdi ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda yeni reallıqların yaradıldığını bir daha qəbul edir və 8 avqust tarixində imzalanan sənədlərinin arxasındadır. Həm ABŞ, həm Azərbaycan Prezidenti çıxılan yolda siyasi iradə nümayiş etdirirlər."

Bu   sözləri  Olaylar.az-a  açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA deyib:" Bu gün Azərbaycan regionun təhlükəsizlik arxitekturasını formalaşdırır. Bu işdə yola çıxdığı tərəf Amerika Birləşmiş Ştatlarıdır. Donald Trampa qədər olan dövrdə ermənipərəst dairələr ABŞ-dəki əlaqələrindən istifadə edərək Azərbaycana qarşı davamlı zərbə vurmaq yolunu seçmişdilər. Donald Trampın hakimiyyətə gəlməsi ilə və cənab Prezident İlham Əliyev ilə aralarında formalaşdırılan səmimi münasibətlərdən sonra bu məsələlərə son qoyulduğunun şahidiyik. ABŞ Prezidenti milli maraqlara uyğun gəlməyən aktorları, qurumları, təsisatları, hətta mətbu orqanları sıradan çıxardır. Proseslər bir daha onu deməyə əsas verir ki, artıq keçmiş ritorika deyil, yeni layihələr öz sözünü deyəcək. Son 6 ayda cənab Prezident İlham Əliyevin Donald Trampla keçirdiyi iki görüş və bu görüşlər çərçivəsində razılaşdırılan məsələlər həm ABŞ-nin, həm Azərbaycanın qarşılıqlı marağından xəbər verir. Dövlət başçıları qədər siyasi təsisatlarımız, habelə özəl sektor arasında əlaqələr genişləndirilir. Vensin səfərindən öncə cənab Prezident İlham Əliyev tərəfindən fevralın 9-da ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşün keçirilməsi ondan xəbər verir ki, bölgəyə ABŞ iqtisadiyyatı ayaq açır və bu, özəl sektorun inkişafına daha da müsbət təsir edəcək. Bu da dayanıqlı inkişaf deməkdir. Bütövlükdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, dərinləşdirilməsi bölgədə sülhə və təhlükəsizliyə xidmət edir. Cənab Prezident İlham Əliyev elə bir xarici siyasət kursu müəyyənləşdirib və icra edir ki, dünyanın son dərəcə çətin durumunda Azərbaycan istənilən bucaqdan baxanda uduşlu vəziyyətdə dayanır."

İBRAHİM  MƏMMƏDLİ
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31