Türkiyə sərhədinin "açarı" Bakıdadır: “Paşinyan konstitusiyanı dəyişməyə məcburdur” – ŞƏRH – ÖZƏL

"Paşinyan hakimiyyəti dövründə Ermənistanın xarici siyasət kursunda ABŞ ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində addımlar atılıb. Paşinyanın Birləşmiş Ştatlar qarşısında müəyyən öhdəliklərinin olduğu və əsas məqsədin Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, ABŞ-nin maraqlarını bu ölkədə genişləndirmək olduğu iddia edilir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın hakimiyyəti dövründə bu siyasət ardıcıl şəkildə həyata keçirilməkdədir. Bununla belə, hamıya məlumdur ki, Ermənistanın iqtisadi asılılığı böyük ölçüdə Rusiyadan asılı olaraq qalır. Bu baxımdan, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq üçün Qərbə doğru kurs götürməyə çalışır. Açıq şəkildə aparılan siyasət və təbliğat da onu göstərir ki, Ermənistan Avropa İttifaqına üzv olmaq istiqamətində fəallıq nümayiş etdirir. Təbii ki, bu, Ermənistanın suveren hüququdur - istənilən ittifaqa qoşula və ya əməkdaşlıq formatı seçə bilər. Lakin bu əməkdaşlıq üçüncü dövlətin əleyhinə yönəlməməlidir. Paşinyan yaxşı anlayır ki, Rusiya ilə əlaqələr zəiflədilirsə, Qərblə münasibətlər paralel şəkildə gücləndirilməlidir. Bu baxımdan Ermənistan Türkiyə üzərindən Avropaya çıxış əldə etmək niyyətindədir. Eyni zamanda Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi məsələsi də gündəmdədir ki, bu da Ermənistanın müəyyən siyasi və iqtisadi dividendlər əldə etməsinə hesablanıb. Keçən ilin avqust ayının 8-də Ermənistanın baş nazirinin ABŞ-də Zəngəzur dəhlizinin Amerikanın himayəsi altında fəaliyyət göstərməsi ilə bağlı müəyyən razılaşmalar apardığı iddia olunur. Bundan əlavə, ABŞ dövlət katibinin Ermənistana son səfəri də 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyana mənəvi və siyasi dəstək məqsədi daşıdığı kimi qiymətləndirilir.

Ekspert əlavə edib ki, mətbuat konfransında ABŞ-nin Ermənistana 9 milyard dollar həcmində investisiya qoyacağı ilə bağlı bəyanatlar da səsləndirilib. Bu cür açıqlamaların məqsədinin Paşinyanın hakimiyyətdə qalmasına dəstək vermək olduğu iddia edilir. Çünki Paşinyanın ABŞ-nin layihəsi olduğu və bu layihənin davam etdirilməsinin vacib sayıldığı bildirilir. Əgər Paşinyan Ermənistanın gələcəyini Qərb yönümlü kursda görürsə, bu halda Türkiyə ilə sərhədlərin açılması vacib şərtlərdən biridir ki, Ermənistan Avropaya daha rahat çıxış əldə edə bilsin. Lakin Türkiyə ilə sərhədlərin açılması Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmalı və sülh sazişi imzalanmalıdır.

"Son proseslər də göstərir ki, ABŞ həm Azərbaycana, həm də Ermənistana sülh sazişinin imzalanmasında maraqlı olduğunu bəyan edir və bunu Cənubi Qafqazda sabitliyin əsas şərtlərindən biri hesab edir. Lakin sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Sülhün əsas prinsipi dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddia kimi qiymətləndirilən məqamlar qalarsa, bu, ərazi bütövlüyünün tam tanınması anlamına gəlmir. Türkiyə ilə sərhədlərin açılmasının da Ermənistanın Azərbaycanla münasibətlərindən asılı olduğu Türkiyə siyasi dairələri tərəfindən dəfələrlə bəyan edilib. Hazırda Ermənistan ABŞ ilə yaxınlaşma siyasəti çərçivəsində Rusiyanın təsir dairəsindən çıxmağa çalışır. Bunun üçün isə iqtisadi asılılıq məsələsini həll etməlidir. Bu məsələlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri Ermənistanın gələcək siyasi kursunu müəyyənləşdirəcək. Əgər Paşinyan hakimiyyətdə qalarsa, indiki Qərbyönümlü kurs davam etdiriləcək. Əks halda, Rusiyayönlü qüvvələr hakimiyyətə gələrsə, Ermənistanda yeni siyasi situasiya formalaşa bilər", - deyə siyasi şərhçi vurğulayıb.

A. Məsiyev qeyd edib ki, hazırda Ermənistanda müəyyən daxili gərginlik və siyasi təlatüm müşahidə olunur. Ölkənin gələcəyi həm seçkilərin nəticəsindən, həm də qonşularla münasibətlərin necə qurulacağından asılıdır. Ermənistan siyasi elitası, xüsusilə Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşama prinsipini qəbul etməlidir. Ermənistanın nəqliyyat infrastrukturunun açılması, iqtisadi blokadanın aradan qaldırılması və Qərbə inteqrasiyası üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması vacibdir. Bu baxımdan Ermənistan qonşularla konstruktiv siyasət yürütməyə məcburdur.
Ermənistan hazırda ciddi geosiyasi dilemma qarşısındadır. 2026-cı il seçkiləri ölkənin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək. Ermənistanın gələcəyi bu seçkilərin nəticəsindən və formalaşacaq yeni siyasi kursdan asılı olacaq.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31