Bakı platforması: ABŞ və İran arasındakı gərginliyi Azərbaycan söndürə bilərmi? – ÖZƏL
14:06 Siyasət"Azərbaycanın çoxvektorlu xarici siyasət kursu artıq öz bəhrəsini verməyə başlayıb. Ölkəmiz dünyanın müxtəlif güc mərkəzləri və nəhəng dövlətləri ilə qarşılıqlı faydalı, bərabərhüquqlu münasibətlər qurmağa nail olub. Eyni zamanda Azərbaycan müxtəlif regionlarda öz milli maraqlarını təmin etməyə başlayıb ki, bu da ölkənin qlobal məkandakı nüfuzunun artdığını göstərir".
Bu sözləri mövzunu Olaylar.az-a şərh edərkən Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın digər mühüm fəaliyyət istiqamətlərindən biri də rəsmi Bakının dünyadakı münaqişə ocaqlarının söndürülməsi və sülh proseslərində iştirakıdır. Bu, ondan irəli gəlir ki, Azərbaycan xarici siyasət kursunda sülh faktorunu prioritet kimi müəyyən edib. Rəsmi Bakı beynəlxalq münasibətlər sistemində qarşıdurma deyil, dialoq və əməkdaşlıq platformasını dəstəkləyir. Hazırda Azərbaycanın Qəzza problemi ilə bağlı Sülh Şurasına dəvət olunması və böhranın nizamlanması prosesində iştirak etməsi də bunun göstəricisidir. Azərbaycan Qəzza böhranının həlli istiqamətində vasitəçilik imkanlarına malikdir. Çünki həm İsraillə, həm ərəb dünyası ilə, o cümlədən Fələstinlə kifayət qədər ciddi və balanslı münasibətlərə sahibdir. Bu da Bakıya sülh təşəbbüsləri ilə çıxış etmək üçün diplomatik imkanlar yaradır.
Siyasi şərhçi qeyd edib ki, bu yanaşma İran-ABŞ münasibətləri kontekstində də aktual ola bilər. Məlumdur ki, bir müddət əvvəl Azərbaycanla İran arasında münasibətlər gərgin idi. Lakin son dövrlərdə bu münasibətlər normallaşma istiqamətində inkişaf edir. Hazırda Pezeşkian hakimiyyəti dövründə iki ölkə arasında qarşılıqlı münasibətlər daha pozitiv məzmun daşıyır. Eyni zamanda Azərbaycan Amerika Birləşmiş Ştatları ilə Strateji Tərəfdaşlıq Xartiyası imzalayıb və bununla da iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu baxımdan Azərbaycan həm Vaşinqton, həm də Tehranla dialoq kanallarına malik olan nadir regional aktorlardan biridir. Belə bir şəraitdə Azərbaycan ABŞ ilə İran arasında mümkün vasitəçilik missiyasını həyata keçirə biləcək potensiala malikdir. Təbii ki, bu məsələ hər iki dövlətin siyasi iradəsindən və mövqeyindən asılıdır. Lakin Bakı bu iki ölkə arasında dialoq üçün əlverişli platforma kimi qiymətləndirilə bilər. Yaxın perspektivdə bu istiqamətdə daha konstruktiv və pozitiv yanaşmaların ortaya çıxması ehtimalı kifayət qədər real görünür.
Lamiyə Cəbrayılova