Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşıb - ÖZƏL

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki dövlət arasında münasibətlərin tarixində mühüm hadisə kimi dəyərləndirilir. Dövlətimizin başçısının mətbuata verdiyi bəyanat, aparılan danışıqların məzmunu və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya göstərir ki, əlaqələr artıq təkcə diplomatik təmaslar çərçivəsində deyil, sistemli, institusional və uzunmüddətli strateji əməkdaşlıq modeli əsasında inkişaf edir. Bu səfər qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların konkret nəticələrə çevrildiyini bir daha təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Dövlətimizin başçısı çıxışında Tramp-Vens administrasiyasının nümayiş etdirdiyi müsbət münasibətə görə minnətdarlığını bildirib. Altı ay əvvəl Vaşinqtonda keçirilən tarixi görüşdən sonra yaradılmış işçi qrupları intensiv fəaliyyət göstərərək münasibətlərin strateji əsaslarını formalaşdırıblar. Bu müddətdə aparılan gərgin işin nəticəsi olaraq Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki tərəfin siyasi iradəsinin real təzahürü kimi dəyərləndirilir. "Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir" fikri münasibətlərin miqyasını və əhəmiyyətini ifadə edir. Bu tərəfdaşlıq yalnız ikitərəfli maraqlara deyil, həm də regional sabitliyə, iqtisadi inteqrasiyaya və təhlükəsizliyə xidmət edən geniş geosiyasi çərçivəyə malikdir.

Prezident İlham Əliyevin bəyanatında Qafqazda formalaşan yeni siyasi reallıqlar da qeyd olunub. Ötən il avqustun 8-də Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş zamanı Ermənistan və Azərbaycan sülh sazişini paraflayaraq uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm addım atıblar, eyni zamanda Sülh haqqında Birgə Bəyannamə imzalanıb. Artıq aylardır davam edən sabitlik mühiti, ticarət və humanitar əlaqələrin bərpası regionda əməkdaşlıq dövrünün başlandığını göstərir. ABŞ-ın bu prosesə verdiyi töhfə xüsusi dəyərləndirilir və sülh təşəbbüslərinin praktik nəticə verdiyi vurğulanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31