Azərbaycan beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir - ÖZƏL

"Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəlki mərhələlərdə ABŞ-ın regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə nümayiş etdirdiyi sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir. Bu kontekstdə ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər, sadəcə diplomatik missiya kimi xarakterizə oluna bilməz. Bu, Azərbaycan-ABŞ münasibətlərinin strateji səviyyədə yenidən formatlaşdırılmasının göstəricisi kimi dəyərləndirilməlidir. Hazırkı proseslər tərəflər arasında uzunmüddətli və institusional əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır və münasibətləri daha perspektivli, çoxşaxəli və dayanıqlı edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31