Xartiya dövlətlərarası münasibətlərin hüquqi, siyasi əsaslarını daha da möhkəmləndirir - ÖZƏL
13:21 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatlar və imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Bu səfər və əldə olunan razılaşmalar təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir. Strateji tərəfdaşlığın formalaşması siyasi iradə və qarşılıqlı etimada əsaslanır. Prezident İlham Əliyev bəyanatında Tramp-Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibəti xüsusi vurğulayaraq, bu siyasətin ölkələrimiz arasında etimada əsaslanan tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd etdi.
Altı ay ərzində aparılan intensiv danışıqların nəticəsi olaraq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan və ABŞ arasında uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını təsdiqləyir. Xüsusilə Prezident İlham Əliyevin Prezident Donald Trampla Vaşinqtonda keçirdiyi tarixi görüşdən sonra yaradılmış işçi qrupunun fəaliyyəti bu prosesin sistemli şəkildə aparıldığını göstərir. Bu sənəd dövlətlərarası münasibətlərin hüquqi, siyasi və institusional əsaslarını daha da möhkəmləndirir".