Azərbaycanın regionda ABŞ üçün etibarlı tərəfdaşın olması strateji əhəmiyyət kəsb edir- ÖZƏL
12:11 Siyasət"ABŞ-Azərbaycan münasibətlərində strateji tərəfdaşlığın dərinləşməsi və qlobal kontekstdə geosiyasi reallıqlar fonunda ilk dəfə olaraq ABŞ-ın vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfəri həm tarixi, həm də siyasi baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Cənubi Qafqazın geosiyasi arxitekturasında yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Xüsusilə 8 avqust 2025-ci ildə ABŞ-da keçirilmiş yüksək səviyyəli görüşdən sonra atılan bu addım iki ölkə arasında dialoqun sistemli və strateji çərçivəyə keçdiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya mahiyyət etibarilə siyasi dialoqun institusionallaşdırılması, təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin koordinasiyası, eləcə də demokratik institutların inkişafı və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi istiqamətlərini əhatə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bununla bağlı Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bu siyasi hadisənin əhəmiyyəti yüksək qiymətləndirilmişdirmünasibət belə ifadə olunmuşdur: "Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür... və ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır".
Bu sənəd bir neçə mühüm istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Burada ilk öncə təhlükəsizlik və sabitlik amili önə çıxarılır. Belə ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas dayağı kimi çıxış edir. ABŞ üçün regionda etibarlı tərəfdaşın olması strateji əhəmiyyət kəsb edir. İkincisi, Azərbaycanın Avropanın enerji xəritəsində rolu artmaqda davam edir. Xəzər hövzəsi resurslarının Qərb bazarlarına çıxarılması ABŞ-ın qlobal enerji təhlükəsizliyi strategiyası ilə üst-üstə düşür. Bundan əlavə, nəqliyyat və logistika məsələləri baxımından Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın tranzit imkanları qlobal ticarət zəncirində alternativ və təhlükəsiz marşrut kimi əhəmiyyət qazanır".