Cənubi Qafqaz çoxvektorlu əməkdaşlıq məkanına çevrilir
18:57 SiyasətABŞ-la Xartiyanın imzalanması Azərbaycanın mövqeyini daha da gücləndirir
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ikitərəfli münasibətlərin transformasiyasında mühüm mərhələ olmaqla yanaşı, Cənubi Qafqazda gedən daha dərin geosiyasi proseslərin də göstəricisidir. Burada söhbət sadəcə simvolik sənəddən və ya niyyət bəyanatından getmir. Xartiya həm də epizodik əməkdaşlıqdan strukturlaşdırılmış və uzunmüddətli tərəfdaşlıq modelinə keçidi rəsmiləşdirir. Bu addımın əsas xüsusiyyəti ondan ibarətdir ki, Vaşinqton Bakını regional siyasətin obyekti kimi deyil, öz siyasi çəkisi və strateji baxışı olan müstəqil aktor kimi qəbul edir. Bu, münasibətlərin məntiqini köklü şəkildə dəyişir. Azərbaycan tərəfdaşlıq formatına "kiçik iştirakçı" qismində deyil, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və postmünaqişə dövrünün bərpası kimi sahələrdə gündəlik formalaşdıra bilən dövlət kimi daxil olur. Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Haqqında Xartiya Cənubi Qafqazın yenidən formalaşdığı bir mərhələdə ortaya çıxır: "Ayrı-ayrı güc mərkəzlərinin dominantlığına əsaslanan köhnə təsir mexanizmləri tədricən effektivliyini itirir. Region çoxvektorlu əməkdaşlıq məkanına çevrilir və burada praqmatik tərəfdaşlıqlar, iqtisadi qarşılıqlı asılılıq və infrastruktur bağlantıları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə ABŞ-ın regionda fəallaşması qarşıdurma xarakteri daşımır-bu proses Azərbaycanın xarici əlaqələrinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir.
Xartiyanın praktiki məzmunu qarşılıqlı fayda prinsipinə əsaslanan bir neçə istiqaməti əhatə edir. Energetika əməkdaşlığın əsas sütunu olaraq qalır, lakin artıq söhbət təkcə ənənəvi resurslardan getmir. Diqqət "yaşıl" enerji, texnoloji mübadilə və dayanıqlı inkişafa yönəlir. İqtisadi komponent özəl investisiyaların təşviqi, innovativ layihələrin inkişafı və ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Təhlükəsizlik sahəsində isə sərt öhdəliklərdən yayınaraq koordinasiya və təcrübə mübadiləsinə üstünlük verilir ki, bu da etimadın mərhələli şəkildə möhkəmlənməsinə imkan yaradır".
Onun sözlərinə görə, Xartiyanın imzalanması Azərbaycanın beynəlxalq mövqelərini daha geniş mənada da gücləndirir: "Bu addım Bakının Qərb, türk dünyası, ərəb ölkələri və Asiya tərəfdaşları ilə paralel şəkildə balanslaşdırılmış münasibətlər qurmaq qabiliyyətini nümayiş etdirir. Belə yanaşma çoxvektorlu diplomatiyaya sadiqliyi təsdiqləyir və Azərbaycanın müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici rolunu möhkəmləndirir.Bu prosesin regional nəticələri də diqqətəlayiqdir. Qonşu ölkələr üçün ABŞ-la əməkdaşlıq baxımından yeni orientirlər formalaşır, ənənəvi oyunçular isə daha mürəkkəb və çoxqütblü təsir konfiqurasiyasına uyğunlaşmaq zərurəti ilə üzləşirlər. Avropa İttifaqı da yeni reallıqla hesablaşmalı olur - bu reallıqda Cənubi Qafqazda yeni siyasi arxitekturanın formalaşmasında əsas xarici tərəfdaş rolunu məhz Vaşinqton oynayır. Nəticə etibarilə, Azərbaycanla ABŞ arasında Xartiya təkcə iki ölkənin yaxınlaşmasını deyil, daha dərin strateji dönüşü əks etdirir- bəyanatlar siyasətindən konkret mexanizmlər siyasətinə keçidi. Bakı üçün bu, regional proseslərin aktiv iştirakçısı statusunun möhkəmlənməsi deməkdir, Vaşinqton üçün isə strateji əhəmiyyətli məkanda etibarlı tərəfdaşın əldə olunmasıdır. Ən başlıcası isə odur ki, sənəd praqmatizmə, qarşılıqlı hörmətə və uzunmüddətli maraqların düzgün anlaşılmasına əsaslanan əməkdaşlıq üçün möhkəm zəmin yaradır-məhz bu prinsiplər bu gün yeni beynəlxalq reallığın əsas müəyyənedicilərinə çevrilir".
Milli Məclisin deputatı Nigar Məmmədova hesab edir ki, bu sənədlə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başlayır: "Bu ölkənin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə müxtəlif istiqamətləri əhatə edir. Bakı ilə Vaşinqton əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin avqustunda Vaşinqtonda dövlət başçılarının iradəsi sayəsində münasibətlərin daha dinamik inkişafına zəmin yaranıb. Bu Xartiya ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatlarının Qafqazda sülhə verdiyi töhfəni yüksək qiymətləndirir. Cənab Prezidentin də söylədiyi kimi, "Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir." Beləliklə, Bakı və Vaşinqton davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqlədi. Təsadüfi deyil ki, Cey Di Vens də hazırda sülh sazişi baxımından Prezident Əliyevə xüsusi təşəkkür etdi".
Millət vəkili əlavə edib ki, tərəflər həmçinin müdafiə məhsullarının satışı sahəsində perspektivli əməkdaşlığa başlayır: "Eyni zamanda, süni intellekt mərkəzlərinin yaradılması da ikitərəfli gündəliyin bir hissəsidir. Dövlət başçımız bəyan etdi ki, Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr var. Həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub. Bu çərçivədə həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb. Kibertəhlükəsizlik və süni intellekt sahəsində birgə Tədqiqat və İnkişaf dəstək alətləri, innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Ağ Ev ümumi maraqlar əsasında daha böyük işlər qurmaq niyyətindədir. Vaşinqtonda da Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-Azərbaycan münasibətlərinin dayanıqlılığına xidmət edən sənəd kimi qiymətləndirilir. Cey Di Vens də öz növbəsində bildirdi ki, bu, xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.ABŞ eyni zamanda Azərbaycanın üzləşdiyi mina təhlükəsi və xüsusilə maliyyə dəstəyi, texnologiyaların ötürülməsi vasitəsilə ölkəmizdə humanitar minatəmizləmə sahəsində bacarıqların inkişafı istiqamətində əməkdaşlıq etmək niyyətindədir. Ölkəmizin beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələr də yüksək dəyərləndirilib. Müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib".
Alim Hüseynli