Vensin Azərbaycana səfəri-Bakıdan dünyaya verilən mesajlar...

Strateji Tərəfdaşlıq haqqında Xartiya ölkəmizə nə vəd edir?

8 avqust Vaşinqton görüşündə Azərbaycan və ABŞ prezidentləri arasında əldə olunan razılığa əsasən hazırlanan Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya nəhayət ki, 10 fevral 2026-cı il tarixində Bakıda imzalandı. Maraqlıdır, sözügedən Xartiya ABŞ-a, Azərbaycana və ümumiyyətlə regiona, xüsusən Azərbaycan və Ermənistan münasibətlərinə nə vəd edir?  
Əvvala birmənalı şəkildə qeyd dək ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 10 fevral 2026-cı il tarixində Bakıda imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni və daha sistemli bir səviyyəyə qaldırmağı vəd edir. Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanan bu sənəd əməkdaşlığın "yol xəritəsi" hesab olunur və özündə əsas istiqamətlər üzrə bir sıra konkret vədləri ehtiva edir. Bunlardan ən vacibi suverenlik və ərazi bütövlüyünün təminatıdır ki, bunu deməyə Xartiyanın ən mühüm siyasi vədi tərəflərin bir-birinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyini yenidən və ən yüksək səviyyədə təsdiqləməsi əsas verir. Heç şübhəsiz ki, bu da regionda sabitliyin qorunması üçün mühüm siyasi zəmanət hesab olunur. Digər vacib məqam iqtisadi və texnoloji əməkdaşlıqla bağlıdır ki, sənəd Azərbaycanın sadəcə enerji resursları ixracatçısı deyil, həm də texnoloji mərkəz kimi inkişafını hədəfləyir. Texnoloji əməkdaşlıq dedikdə, mütləq Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur nəzəə alınmalıdır. Məhz bu səbəbdən sənəddə ABŞ-nin texnoloji dəstəyi ilə Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması, AI üzrə məlumat mərkəzlərinin yaradılması və texnoloji biliklərin transferi nəzərdə tutulur. Bunun təminatı kimi hər iki ölkənin özəl sektorunun layihələrə cəlb edilməsi və biznes mühitinin yaxşılaşdırılması vəd edilir.
Yeri gəlmişkən qeyd edək ki, Xartiyada "Orta Dəhliz" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və "TRIPP" (Trump Route for International Peace and Prosperity) layihələrinin inkişafı xüsusi vurğulanır. Bu, Azərbaycanın mühüm logistik qovşaq kimi mövqeyini gücləndirməyi, Naxçıvanla birbaşa və maneəsiz nəqliyyat əlaqələrinin qurulmasını stimullaşdırmağı vəd edir. Paralel olaraq, sənəddə enerji təhlükəsizliyində yeni mərhələ özünü büruzə verir. Başqa sözlə, Xartiya enerji təhlükəsizliyi məsləsində ənənəvi neft və qaz əməkdaşlığı ilə yanaşı, yeni sahələri də əhatə edir. Bu da öz növbəsində Bərpa Olunan Enerji olaraq "Yaşıl enerji" layihələrində ABŞ texnologiyalarının tətbiqini gündəmə gətirir. 
Xartiyada əksini tapmış Təhlükəsizlik və Humanitar Dəstək bölümündə müdafiə və antiterror tədbirlərində əməkdaşlıq nəzərdə tutlur. Bu istiqamətdə əməkdaşlıq təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın, o cümlədən müdafiə məhsullarının satışı və terrorizmlə mübarizə sahəsində əlaqələrin gücləndirilməsini təmin edəcək. Nəticədə ABŞ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar minatəmizləmə fəaliyyətlərinə həm maliyyə, həm də texnoloji dəstəyini artıracaq. Daha vacib məqam ondan ibarətdir ki, bu Xartiya çərçivəsində əməkdaşlıq sadəcə bəyanatlar səviyyəsində deyil, mütəmadi olaraq (ildə azı bir dəfə) toplanacaq işçi qrupları və konkret mexanizmlər vasitəsilə idarə olunacaq. Bununla da yeni dünya nizamında yarana biləcək təhlükəsizlik məsələlərinə zəmanət verilmiş olur. 
 Bir daha xatırladaq ki,  bu tarixi sənəd, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində Azərbaycan üçün olduqca strateji üstünlüklər vəd edir. Belə ki, Azərbaycanın neft-qaz asılılığını azaltmaq və texnoloji mərkəzə çevrilməsi üçün Xartiyada konkret bəndlər yer alıb. Daha dəqiq, Süni İntellekt və Rəqəmsal İnqilabın iqtisadiyyata tətbiqi nəzərdə tutulur ki, bu məqsədlə ABŞ Azərbaycanda böyük məlumatların emalı (Data Center) və AI laboratoriyalarının yaradılmasını dəstək verəcək. Konkret olaraq "Azərkosmos" və ABŞ-ın texnologiya nəhəngləri arasında peyk rabitəsi və kosmik tədqiqatlar sahəsində birgə layihələr nəzərdə tutulur. Bundan başqa, Orta Dəhliz vasitəsilə nadir mineralların qlobal bazara çıxarılması üçün ABŞ investisiya ayırmağa hazırdır. Bu, Azərbaycanın təkcə enerji deyil, həm də strateji xammal tranzitində rolunu artırır.
Hərbi texnologiyalar sahəsində əməkdaşlığa gəldikdə, Vitse-prezident C.D. Vens artıq 11 milyon dollarlıq PUA satışının təsdiqləndiyini qeyd edib. Bu, ABŞ-ın Azərbaycana müdafiə məhsullarının satışı sahəsində məhdudiyyətləri aradan qaldırmağa başladığının göstəricisidir. ABŞ işğaldan azad edilmiş ərazilərdəki mina probleminin həlli üçün həm maliyyə yardımı, həm də minaları uzaqdan müəyyən edən yüksək texnologiyaların ötürülməsini öhdəsinə götürür. Həmçinin,  Xəzər dənizinin təhlükəsizliyi və sərhəd mühafizəsi sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi gücləndiriləcək. Xartiyanın ən praktiki vədi odur ki, bu əməkdaşlıq kağız üzərində qalmayacaq. Enerji, rəqəmsal infrastruktur və təhlükəsizlik üzrə Strateji İşçi Qrupları yaradılır. Bu qruplar müntəzəm olaraq toplanaraq layihələrin icrasına nəzarət edəcək. Təsadüfi deyil ki, ABŞ vitse-prezidenti C.D. Vens Bakıda çıxış edərkən bu tərəfdaşlığı "regionda sülh və firavanlıq üçün yeni bir lövbər" adlandırıb.
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31