Vüqar Rəhimzadə: Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji baxışı əks etdirir

Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində hər iki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi imzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu. Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin kontektsində 2025-ci ili tarixi il kimi də dəyərləndirir.

Reallıq budur ki, Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində Azərbaycan haqqında məlumatsızlıq erməni lobbisinin yalanlarının həqiqət kimi qəbuluna yol açdı. 1992-ci ildə ABŞ Konqresinin "Azadlığı Müdafiə Aktı"na ədalətsiz 907-ci düzəlişi əlavə etməsi iki ölkənin münasibətlərinə mənfi təsir etməyə bilməzdi. 1993-cü ildə Azərbaycanın ən çətin günlərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanı beynəlxalq təcriddən xilas etmək, həqiqətlərimizin, xüsusilə keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırmaq oldu. Bu gün həmin dövrdə yaradılan möhkəm təməlin Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəkdə əhəmiyyətli rolu göz qabağındadır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı 2001-ci ildə ABŞ-da baş verən terror aktının rəsmi Vaşinqtonun xarici siyasətində dəyişikliyi şərtləndirməsindən, rəsmi Vaşinqtonda Azərbaycana qarşı münasibətin dəyişməsindən də bəhs edib. Vurğulayıb ki, bu hadisədən sonra ABŞ Administrasiyası 907-ci düzəlişin ədalətsiz qərar olduğunu etiraf etməklə yanaşı, onun fəaliyyətinin bir illik dondurması barədə qərar qəbul etdi. Azərbaycan-ABŞ münasibətlərində mərhələ-mərhələ baş verən dəyişikliklər fevralın 10-da ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin dövlətimizin başçısı ilə keçirdiyi görüşlərdə də diqqət göstərilən məsələlər sırasında oldu. ABŞ-ın Vitse-prezidenti qeyd etdi ki, əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Cey. Di. Vens onu da əlavə etdi ki, biz Prezident Donald Trampın rəhbərliyi ilə bunu düzəltdik. Mətbuata bəyanatında ABŞ Prezidentinin şəxsən dövlətimizin başçısı İlham Əliyevə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdıran Cey. Di. Vens bildirdi ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. ABŞ-ın Vitse-prezidenti diqqəti mühüm məqamlara yönəldərək vurğuladı ki, fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik.

ABŞ rəsmisi bu fikirləri ilə Azərbaycanın əməkdaşlıqda nə qədər səmimi, dövlətlərarası münasibətlərdə əsas faktor olan qarşılıqlı etimad mühitinin qorunmasında və möhkəmləndirilməsində maraqlı olmaqla yanaşı, bunu real addımları ilə təsdiqlədiyini etiraf etdi.

Vüqar Rəhimzadə bildirib ki, hər iki ölkənin Prezidentlərinin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq. Donald Trampın Prezident seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı Prezidentlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalamışdılar. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri zamanı isə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.

Millət vəkili onu da vurğulayıb ki, ABŞ lideri Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlarımız arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər, müxtəlif tərkibdə heyətlərin görüşləri, əməkdaşlığın istiqamətlərinin müzakirəsi gələcək münasibətimizin aydın mənzərəsini təqdim edir. İkitərəfli gündəlik zəngindir. Gündəliyə daxil olan məsələlər həm Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə məhdud və geniş tərkibdə görüşlərində, həm də dövlətimizin başçısının fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən geniş müzakirə edildi. Prezident İlham Əliyev həmin qəbulda Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsindən, malik olduğu iqtisadi potensialdan səmərəli istifadə edərək dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrindən, hazırda 16 ölkəyə qaz ixrac etməsindən, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlardan, hazırda malik olduğu bərpaolunan enerji potensialının yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açmasından geniş bəhs etdi. Bu reallıqlar fonunda vurğulandı ki, əlaqələrimizin hərtərəfli inkişafı üçün böyük potensial var. Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında isə bu reallığa diqqəti yönəltdi ki, Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. İmzalanan Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur.

Vüqar Rəhimzadə bildirib ki, ABŞ-ın Vitse-prezidenti də bu inamı ifadə etdi ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar. Bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.

Millət vəkili bu ümumiləşdirməni ifadə edib ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ əməkdaşlığı beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində önəmli rol oynayacaq. İki ölkə fəal və səmərəli birgə iş, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam etdirəcəklər. İmzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına dair strateji baxışı əks etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31