Rəqəmsal transformasiya artıq sistemli mərhələyə keçir- ÖZƏL
15:43 Siyasət"Bir az öncə məlumat yayıldı ki, Prezident İlham Əliyevin sədrliyilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda müşavirə keçirilib. Düşünürəm ki, həm mövzunun özü, həm müşavirədə gözə çarpan iştirakçı tərkibi, həm də müzakirənin məhz indi olması təsadüfi deyil. Açıqlanan məlumatlardan görünür ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident qarşısında mövzu üzrə təqdimat edib. Bu fakt onu göstərir ki, rəqəmsal transformasiya, data infrastrukturu və süni intellekt məsələləri artıq birbaşa dövlət başçısının nəzarətinə keçib. Eyni zamanda bu sahədə vahid yanaşma və koordinasiyanın prioritet elan edildiyini də demək olar". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: "Diqqət çəkən əsas məqamlardan biri iştirakçı tərkibidir: Birinci vitse-prezident, məhdud sayda əsas nazirlər və sahə üzrə Prezident köməkçiləri. Bu format onu göstərir ki, geniş müzakirələrə yox, vahid yanaşmanın və koordinasiyanın formalaşdırılmasına, ölkədə vahid rəqəmsal arxitekturanın qurulması üçün atılacaq konkret addımlara və vahid fəaliyyət planın hazırlanmasına diqqət yönəlib.
Son dövrlər hiss olunurdu ki, bu sektorda koordinasiya ilə bağlı , vahid yanaşma ilə bağlı problemlər mövcuddur, müəyyən irəliləyişlər olsa da hələ də resurslardan səpələnmiş şəkildə istifadə olunur.
Halbuki reallıqda süni intellekt, dövlət xidmətlərinin rəqəmsallaşması, superkompüter mərkəzləri, fiber-optik bağlantılar və enerji təminatı, sektorda biznes mühiti və tənzimləmə ciddi kordinasiya tələb edir. Koordinasiya olmadan texnoloji sıçrayış mümkün deyil. Koordinasiya olduqda isə resursların optimallaşdırılması və sürətli icra təmin olunur.
Fikrimcə, bu müşavirə həm də açıq bir mesajdır: rəqəmsal transformasiya artıq konsepsiya və mövcud inkişaf mərhələsindən çıxaraq daha yüksək və sistemli mərhələyə keçməlidir.
Son zamanlar məğlub ölkə olan Ermənistanda texnoloji sferada baş verənlər də güman ki diqqətdən yayınmayıb. Ermənistanın nə etməsinə yox, bizim nə edə biləcəyimizə fokuslanmaq doğru yanaşmadır.
Mövzunun Prezident səviyyəsində nəzarətə götürülməsi isə bu istiqamətin uzunmüddətli milli prioritet olacağını göstərir. Belə yanaşma sektorda real və sürətli inkişaf üçün ciddi imkanlar yarada bilər. İnanıram ki, "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə ciddi bir vahid fəaliyyət planı ortaya qoyulacaq".