Azərbaycanla ABŞ Orta Dəhlizin inkişafına xüsusi diqqət ayırırlar- ÖZƏL

"ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri, Azərbaycan və ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya münasibətlərin  yeni mərhələsini müəyyənləşdirən çox mühüm bir sənəddir. Bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu "Cumhuriyyət! Qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Azərbaycan dünyada qəbul olunan, stabil ölkə kimi xüsusi çəkiyə malikdir. Əməkdaşlıqda etibarlılıq, aparılan uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə nüfuzlu dövlətlər sırasında ilk sıralarda dayanır. Buna nail olmaq asan məsələ deyil. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanı dünyanın ən güclü dövləti ilə strateji tərəfdaşlıq məqamına qədər qaldırıb. 
İmzalanan sənəd strateji əhəmiyyətinə görə diplomatik münasibətlərlə yanaşı, enerji, təhlükəsizlik, geosiyasi tərəfdaşlığın uzunmüddətli əsasını bir daha təsdiqlədi. Bu sənəd real siyasət prinsiplərini özündə əks etdirir. Regionun lider dövləti olaraq ABŞ tərəfindən Azərbaycanın birmənalı olaraq qəbul edilməsi və Qafqaz regionunda fəaliyyət üçün onunla işbirliyinin təməli deməkdir.
Təbii ki, Azərbaycan da dövlət olaraq, bu münasibətlərdən böyük fayda əldə edəcək. İstər xarici siyasət, istər təhlükəsizlik, istərsə Qərbin müxtəlif institutları ilə əməkdaşlıq imkanlarına böyük töhfə verəcək. Bundan əlavə, Azərbaycanın beynəlxalq missiyalarda fəaliyyəti, neft və qaz ölkəsi olaraq digər mühüm bazarlara çıxış imkanlarına uğurlu təsir göstərəcək. 
Beynəlxalq investisiyalar, o cümlədən ABŞ investisiyalarının ölkəyə gəlişinə müsbət təsir edəcək. Təbii ki, ABŞ üçün də bu, mühüm əhəmiyyət kəsb edir və maraqlar prizmasından yanaşsaq, Ağ Ev Azərbaycan vasitəsilə regionda öz təsir gücünü artıracaqdır. 
Enerji şaxələnməsinin yaranması, nəqliyyat-logistika baxımından yeni infrastrukturun formalaşması kimi mühüm amillər ABŞ-nin maraqları daxilindədir. Eyni zamanda, regionda Rusiya və İran faktorunun mövcudluğunu nəzərə alasaq, bu əməkdaşlıq ABŞ-yə əlavə imkanlar qazandırır. 
Azərbaycan Cənubi Qafqazın ən stabil ölkəsidir. Daxili sabitlik, milli həmrəylik, iqtisadi inkişaf geosiyasi maraqlar baxımından çox mühümdür.  Azərbaycanla ABŞ Orta Dəhlizin inkişafına da xüsusi diqqət ayırırlar. Bu baxımdan, müxtəlif formalarda enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında əməkdaşlıq ediləcək. TRIPP və digər layihələrin inkişafı regional əməkdaşlığı daha da genişləndirəcək. Azərbaycanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olması bu əməkdaşlıqda mühüm rol oynayır. Xartiyada təsbit olunan bütün istiqamətlər zəruru və əhəmiyyətlidir. Burada gələcəkdə iki ölkə arasında mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətini xüsusi qeyd etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31